Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-21 12:55:00
“I və IV qrup abituriyentləri Tarix fənnini niyə öyrənməlidir ki?! – Kərəm Məmmədova irad  

“II ixtisas qrupuna Dünya tarixinin əlavə olunması normaldır. Həmin qrup ixtisaslarının bəzilərində buna ehtiyac  var. I və IV bloklara isə bu fənnin salınması lazım deyil”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil eksperti Adil Vəliyev deyib. Onun sözlərinə görə, Tarix orta məktəbdə keçirildiyi üçün   şagirdlər az da olsa məlumatlandırılırlar.

I ixtisas qrupuna hazırlaşan abituriyentlərin əksəriyyəti mühəndis və ya fizika-riyaziyyat müəllimi olmaq istəyir. IV qrupa hazırlaşanlar isə kimya-biologiya müəllimi və ya həkim olmaq üçün sənəd verirlər. Həmin abituriyent  Tarixi niyə öyrənib, yaddaşında ona yer ayırsın?

Ekspert hesab edir ki, insan yaddaşını kompüter yaddaşı ilə eyni tutmaq düzgün deyil:

“İnsanın yaddaşı kompüter yaddaşı deyil ki, dolanda nəyisə silib ora əlavə edəsən. Uşaqların beynini onların sevib seçdiyi ixtisasla doldurmaq lazımdır. Bu gün abituriyentin seçdiyi ixtisas sabah onun sevdiyi iş olacaq. Onun sevdiyi iş ölkəmizə gətirəcəyi hər hansı yeniliyə, ixtiyara səbəb ola bilər.

Mövzudan qırağa çıxaraq bildirmək istəyirəm ki, oğlum I sinifdə təhsil alır. Ona hamının əzbərlədiyi buz və ya xoruz şeirini öyrətmirəm. Həmin şeiri onsuz da hamı bilir və 1 il sonra ona heç bir yerdə lazım olmayacaq. Bəs onda  bunu uşağa niyə öyrədirik?”

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin Tarix üzrə seminar sədri Kərəm Məmmədov AzEdu.az-a açıqlamasında I və IV ixtisas qruplarına Azərbaycan tarixi fənninin əlavə edilməli olduğu barədə danışıb. Onun sözlərinə görə, qəbul olunduqları ali məktəbdən asılı olmayaraq abituriyentlər universitetdə bir semestr Azərbaycan tarixi dərsləri keçməlidirlər: “Bəzən, həmin dərslərdən tələbələr çox aşağı qiymət alırlar. Çünki abituriyent vaxtı bu fənnə önəm vermirlər. Bu fakt sonradan ali təhsil müəssisəsinin reytinqinin aşağı olmasına səbəb olur”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları