Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-22 09:00:18
Alimlər kosmik şərtlərdə yaşamağın korluğa səbəb olacağını açıqlayıblar

Alimlər kosmos şərtlərində yaşamağın fəsadları mövzusunda daha bir xəbərdarlıq ediblər. Gələcəkdə “qalaktikaları ələ keçirməyimizə” maneə törədəcək əsas səbəb kosmosda insanın gözünün dəyişikliyə uğramasıdır.

Beynəlxalq Kosmik Stansiya (BKS) kimi orbital stansiyalarda işlər aparan astronavtlar, bir növ, özlərini fəda edərək, çəkisizlikdə yaşamağın fəsadlarını araşdırır. Daha əvvəlki tədqiqatlardan məlumdur ki, yerdən kənar şərtlərlə insan orqanizminin aspektləri bir qədər fərqli işləyir. Bu istiqamətdə növbəti plan insanı Marsa çatdırmaqdır. Lakin təkcə çəkisizlik deyil, başqa planetlərdə yaşayış da insanın orqanizm funksiyalarını, yüngül dillə desək, dəyişdirə bilər.

Əvvəlki təcrübələr göstərir ki, kosmos və başqa planetləri əhatə edən ekspedisiyalarda bel əzələləri qarşısıalınmaz şəkildə zəifləyə, ürək formasını dəyişdirib “yumrulaşa”, o cümlədən şüalanmadan dolayı intellektual imkanlar məhdudlaşa bilər. Amerikalı tədqiqatçı Kristian Otto və həmkarları belə qənaətdədir ki, mikroqravitasiya insan başının toxumalarına, əvvəl hesab olunduğundan fərqli olaraq, daha mürəkkəb təsir göstərir.

Bu tezisi ələ alaraq, alimlər on beş astronavtın görmə qabiliyyətini yoxlayıblar: onlar, kosmosa uçuşdan qabaq və uçuşdan sonra hər dəfəsində müayinədən keçiblər. Mütəxəssislərin müəyyən etdiyinə görə, çəkisizlik şərtlərində yaşamaq optik sinir diskinin deformə olunmasına, daha doğrusu dartılmasına səbəb olur. Nəticədə torlu qişa və onu qidalandıran kapillyarlar şəbəkəsi arasında bir o qədər də əhəmiyyətli olmayan “boşluq” formalaşır. Yerə qayıtdıqdan sonra bu boşluq azalır, optik sinir diski isə gözdə təzyiqin düşdüyündən içəriyə doğru “dartıldığı” üçün torlu qişanın funksionallığında ciddi çətinlik meydana gələ bilər.

Tapıntının vacibliyini daha əvvəlki araşdırmaların nəticələri də dəstəkləyir. Qısamüddətli kosmik uçuşda iştirak etmiş astronavtların 23%-i və uzunmüddətli NASA missiyaları üzvlərinin, demək olar ki, yarısı görmə ilə bağlı problemlərdən əziyyət çəkir. Mütəxəssislər daha uzun müddət kosmos şərtlərində yaşamağın birdəfəlik korluğa gətirib çıxara biləcəyini də istisna etmirlər. Məsələnin həlli kimi isə hələlik daha çox elmi fantastika olan süni cazibə qüvvəsinə malik kosmik gəmilərin inşası nəzərdə tutulur.