Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-29 15:49:08
AzMİU-nun tələbəsi Respublika Olimpiadasında həvəsləndirici yerə layiq görülüb

Bakı Dövlət Universitetində (BDU) ali məktəb tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə və BDU-nun 105 illik yubileyinə həsr olunmuş fizika, riyaziyyat, kimya, biologiya və coğrafiya fənləri üzrə Respublika Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

AzEdu.az xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) bu tədbirdə Tələbə Elmi Cəmiyyətin sədri Günel İmamquliyeva və universitetdə keçirilən olimpiadanın qalib tələbələri təmsil ediblər. 

 

Bildirək ki, AzMİU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə 7 fənn üzrə olimpiada keçirilib. Fizika və riyaziyyat fənləri üzrə yer tutan tələbələrimiz respublika olimpiadasında iştirak hüququ qazanıb. 

 

Respublika olimpiadasında AzMİU  ilə yanaşı, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Xəzər Universiteti, Odlar Yurdu Universiteti, Qərbi Kaspi Universiteti, Bakı Ali Neft Məktəbi, ADA Universiteti, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Lənkəran Dövlət Universiteti və Bakı Mühəndislik Universitetindən ümumilikdə 400-dən çox tələbə iştirak edib.

 

Mərasimdə respublika olimpiadasının qalibləri elan edilib. Müsabiqənin nəticələrinə əsasən, 60 tələbə olimpiadanın qalibi olub. Onlardan 5-i I, 10-u II, 15-i III yerləri tutub, 30 tələbə həvəsləndirici yerlərə layiq görülüb. Olimpiada qaliblərinə diplom və hədiyyələr təqdim olunub.

 

Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin 353a1 qrup tələbəsi Ramazan Osmanov da fizika fənni üzrə həvəsləndirici yerə layiq görülüb. 

 

Qeyd edək ki, olimpiadanın məqsədi Azərbaycanda fizika, riyaziyyat, kimya, biologiya və coğrafiya elmləri üzrə ixtisaslı mütəxəssislərin hazırlanmasının keyfiyyətini daha da yüksəltmək, istedadlı tələbələri aşkarlamaq və dəstəkləmək, onları elmi-tədqiqat fəaliyyətinə cəlb etməkdir.