Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-26 15:52:00
Həyəcanlı şagirdlər və onları təlaşla gözləyən valideynləri – İmtahandan REPORTAJ

26 may 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda ali təhsil müəssisələrinə qəbul imtahanı keçirildi.

 

Qeyd edək ki, bu gün imtahanda 48978 şagird, o cümlədən onlardan 64-ü sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyentin iştirakı nəzərdə tutulurdu.

 

AzEdu.az saytının əməkdaşı olaraq biz də bu gün keçirilən imtahanda DİM-in icazəsilə müşahidəçi qismində iştirak etdik.

 

DİM-dən keçdiyimiz akkreditasiyaya uyğun olaraq Bakı şəhəri Binəqədi rayonu 102 nömrəli tam orta məktəbdə olduq.

 

İmtahana gələn şagirdlərin çoxunun həyəcanı elə üzlərindən hiss olunurdu. Valideynlər onlara öncə ürək-dirək verib, sonra içəri yollayırdılar.

 

Qeyd edək ki, valideynlər övladlarını imtahan binasına yola saldıqdan sonra məktəbin həyət qapısı bağlanırdı. Abituriyentlər növbə ilə imtahan binasına yaxınlaşırdılar.

Açıklama yok. 

İmtahan rəhbəri abituriyentləri qarşılayırdı. Namizədlərin sənədlərini nəzərdən keçirib, üst-başlarını yoxlamaq üçün müvafiq olaraq nəzarətçilərə yönləndirirdi. Oğlanları xüsusi aparatla kişi nəzarətçilər, qızları isə kabində qadın nəzarətçilər yoxladıqdan sonra imtahan zalına göndərirdilər. 102 nömrəli tam orta məktəbdə ümumi 180 nəfər şagirdin iştirakı nəzərdə tutulurdu. 1 nəfər qız abituriyent şəxsiyyət vəsiqəsini itirdiyinə görə imtahana buraxılmadı.

 Açıklama yok.

Öz müşahidələrimizə əsasən gördük ki, bu binada qızların sayı oğlanlardan çox idi. Daha dəqiqini öyrənmək üçün saat 10:00- ı gözlədik. Nəhayət saat 10:00 oldu, qapılar bağlandı, sakitlik hökm sürdü, imtahan başladı…

 

Dərhal imtahan rəhbəri Rəvan Rəhimovdan son məlumatları aldıq. O, bildirdi ki, hər şey qaydasındadır və şagirdlərin imtahan zalına daxil olmasında hansısa problem aşkarlanmayıb.

 

İmtahanın başlamasından 2 saat keçmişdi. Bir neçə nəfərin imtahandan çıxdığını gördük.

 

Onlardan biri də Mikayıl Baxışov idi. Ondan imtahan barədə təəssüratlarını soruşduq:

 

“3-cü qrupa hazırlaşıram. Tarix fənnindən suallar çətin idi. Özümdən 200-250 arası bal gözləyirəm”,- deyə qeyd etdi.

 

Nəhayət saat 13:00 oldu. İmtahan yekunlaşdı.

 

5 dəqiqə keçməsinə baxmayaraq şagirdlər binadan çıxmırdılar. Valideynlər təlaş içərisində övladlarının imtahandan çıxmasını gözləyirdilər. Elə bu an şagirdlərin səsləri ilə paralel pilləkənlərdən ayaq tappıltıları eşidildi.

 Açıklama yok.

İmtahan iştirakçılarından olan Ayşən Əliyeva da Tarix fənnindən sualların çətin olduğunu bildirdi:

“Digər fənlər isə asan idi. Buraxılış imtahanından 168 bal toplamışam. 3-cü qrupda Tarix müəllimliyi ixtisası üzrə təhsil almaq istəyirəm”.

 

Nihad Abdullazadə isə ədəbiyyat fənninin çətin olduğunu qeyd etdi:

 

“3-cü qrupa hazırlaşıram. Buraxılış imtahanından 240 bal yığmışdım. ADA universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil almaq istəyirəm”.

 

Beləliklə, 180 şagirdin iştirak etməsi nəzərdə tutulan binada,(1 nəfər şəxsiyyət vəsiqəsini itirdiyinə görə iştirak edə bilmədi)  179 nəfər imtahana daxil olub.

 

Müşahidəçi qismində iştirakımızdan belə qənaətə gəldik ki, imtahan tam şəffaf formada keçirilib, nəzarət güclü olub, şagirdlərin çoxu da imtahanın çətin olduğunu deyiblər.