Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-14 10:45:00
Sertifikasiya: “Müəllim 20 il əvvəlki biliyi ilə dərs deyə bilməz”

Bu il 31 min müəllimin sertifikasiyaya cəlbi nəzərdə tutulub. Elm və Təhsil Nazirliyindən verilən məlumata əsasən, Riyaziyyat və Xarici dil müəllimləri növbəti sertifikatlaşdırılma imtahanlarına cəlb olunacaqlar.

 

Ötən il Vətən Müharibəsi Qəhrəmanı, şəhid Valeh Bədəlovun anası, Zaqatala rayonunun Aşağı Tala kəndindəki 3 nömrəli məktəbdə ibtidai sinif müəllimi Südabə Qazıyeva sertifikasiya imtahanından 59 bal toplayıb.

 

AzEdu.az-a danışan S.Qaziyeva bu il sertifikasiyada iştirak edəcək müəllimlərə tövsiyələr verib:

 

“Hesab edirəm ki, sertifikasiya təhsil sistemində olan boşluğun bir nəticəsidir. Çünki əvvəllər təhsil sistemində boşluqlar var idi və bunun nəticəsi olaraq bu gün biz belə bir vəziyyətə gəlib çatdıq ki, artıq sertifikasiyanın tətbiqi mütləqdir.

 

Ölkənin gələcəyi, eləcə də millətin yaxşı yaşaması üçün təhsilin rolu danılmazdır. Sinfə daxil olan bir müəllimin ən vacib nəzəri bilikləri yoxdursa, öz ixtisasını bilmirsə, o necə bir şagird yetişdirə bilər?

 

Mən 20 il əvvəlki biliyimlə bu gün sinifdə dərs deyə bilmərəm. Ona görə də müəllimin mütləq akademik bilikləri, dünyagörüşü, bütün elm sahələrindən xəbəri olmaldır. Hazırda dünyanı tələbi göz qarşısındadır. Elm və texnika günü-gündən inkişaf edir”.

 

Südabə Qazıyeva sertifikasiya müəllimlərin peşəkarlığının artırılması üçün bir stimul olduğunu qeyd edib:

 

“Cəmiyyətdə sertifikasiya ilə bağlı düzgün fikir formlaşmadı. Bu imtahanı pis başa düşdülər. Sertifikasiya o demək deyil ki, kimlərsə işdən çıxarılsın, kimlərsə kənarda qalsın. Xeyr, qətiyyən belə deyil. Əslində düşünməlidirlər ki, sertifikasiya müəllimlərin peşəkarlığının artırılması üçün bir stimuldur.

 

İnsan hər daim öz üzərində işləməlidir. Cəmiyyətdə belə bir streotip yarandı ki, sertifikasiyanı ona görə tətbiq etdilər ki, müəllim çoxluğu var və onları kənarlaşdırmaq üçündür. Ona görə də bu düşüncəni dəyişmək lazımdır.

 

İnsanları bu yolda mütləq maarifləndirmək zəruridir. Müəllimlər sadəcə olaraq zamanın tələblərinə cavab verməyi bacarmalıdır”.