Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-21 10:42:03
Beynəlxalq Türk Akademiyasında Novruz ənənələri nümayiş olunub

Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Astanada Novruz bayramı xüsusi mərasimlə qeyd olunub.


AzEDU AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Azərbaycan süfrəsi açılıb, türk xalqlarının Novruz ənənələri nümayiş olunub.
Azərbaycan və Macarıstan səfirlərinin, digər ölkələrdən diplomatik təmsilçilərin, beynəlxalq təşkilatların üzvlərinin, Qazaxıstanın aparıcı ictimai xadimlərinin və türkdilli xalqların nümayəndələrinin iştirak etdikləri tədbirdə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli bildirib ki, Novruz tarixin dərinliklərindən gələn və günümüzə qədər yaşadılan türk dünyasının ortaq milli bayramıdır. Müxtəlif tarixi mənbələr sübut edir ki, türklərin Ergenekondan çıxışı bayram kimi qeyd olunub. Qədim türk mədəniyyətində Novruzun digər adı Ergenekondur. Ergenekon Bayramı təkcə törəmək, çoxalmaq deyil, eyni zamanda, birlik, sağlamlıq, firavanlıq, bolluq və bərəkəti simvolizə edir. Novruz türk dövlətlərində və onlara qonşu ölkələrdə Bahar, Ergenekon, Yeni gün, Təzə il adları ilə qeyd olunur.


Novruz şənliyində ilk dəfə Ergenekon çıxışının rəmzi olan “Dəmirdöymə” mərasimi gerçəkləşdirilib. Akademiya rəhbəri və səfirlər zindan üzərinə qoyulan dəmir parçasını sıra ilə çəkiclə döyərək yeni ilin başlandığını müjdələdilər.
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Novruzun ölkəmizə xas cəhətləri haqqında danışaraq, bayram təbriklərini çatdırıb.
Macarıstanın bu ölkədəki səfiri də Novruzun xalqlarımızın birliyi və inteqrasiyası üçün əhəmiyyətini vurğulayıb.


Mərasimdə ənənəvi Novruz təamlarının yer aldığı süfrələr açılıb, ölkələrin adət-ənənələrini simgələyən maddi və mədəni nümunələr təqdim olunub.


Tədbir çərçivəsində Beynəlxalq Türk Akademiyasının Altay dağlarında apardığı arxeoloji qazıntılar zamanı aşkarlanan, qədim türklərə aid qopuzun ifasında Dədə Qorqud mahnıları iştirakçılarda xoş əhvali-ruhiyyə yaradıb.