Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-22 10:23:00
Olimpiadalarda uğur qazananları hansı güzəştlər gözləyir?

Statistikalara əsasən Respublika Fənn Olimpiadalarına (RFO) 2022-2023-cü illərdə 45933 şagird, bu il isə nəfər 57 483 qatılıb. Rəqəmlərdən də aydındır ki, say ildən-ilə artır. 

 

Bəs olimpiadalarda uğur qazanan şagirdlərin ali məktəblərə qəbul zamanı hansı üstünlükləri olur?

 

Mövzu ilə əlaqədar təhsil məsələləri üzrə ekspert Adil Vəliyev AzEdu.az-a danışıb.

 

Ekspert bildirib ki, olimpiadaların nəticələri şagirdlərin ortalama səviyyəsi haqqında məlumat verir: 

 

“Olimpiadalara marağın artması sevindirici haldır. İstər şagirdlərin, istərsə də valideynlərin olimpiadaya qarşı diqqətləri ümidvericidir. Çünki olimpiadalar həm  ölkədaxili, həm də beynəlxalq səviyyədə keçirilir.

 

Azərbaycanda ali məktəblərə qəbul imtahanları Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir. Bu zaman şagird bir neçə fəndən hazırlaşmaq məcburiyyətində qalır. Lakin o, yaxşı bildiyi tək bir fənn üzrə olimpiadalara hazırlaşıb, müəyyən bir dərəcə aldığı halda bəzi güzəştlərə nail ola bilər. Xüsusən olimpiada qalibləri DİM-in keçirdiyi imtahandan azad olaraq, istədikləri ixtisas üzrə birbaşa qəbul ala bilirlər. Bundan başqa şagirdlərin olimpiadalarda iştirakı onların təcrübələrini artırır. Bir növ gələcəyə hazırlaşırlar. Olimpiadalarda iştirak zamanı şagird hansı fənni çox sevdiyini dərk edir və bu cəhətdən də maraq dairəsinə uyğun ixtisası da seçə bilir”. 

 

“Olimpiadalarda əzbərçilik metodu işə yaramır”, -deyə A.Vəliyev qeyd edib:

 

“DİM-in keçirdiyi qəbul imtahanları ilə olimpiadalarda istifadə olunan suallar tamamilə fərqlidir. Olimpiada sualları çox çətindir. Orada istifadə olunan müəyyən açıq sualları izah etmək üçün bir neçə saat vaxt ayırılır. Suallar açıq olduğu üçün burada əzbərçilik heç vaxt rol oynaya bilməz. Sualları cavablandırarkən şagirdin məntiqi biliyi və bacarığı özünü büruzə verir. Hesab edirəm ki, şagirdlərin olimpiadada iştirakından əlavə dərəcə əldə etməsi həm özü, həm də dövlət üçün əhəmiyyətlidir”.