Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-14 11:49:00
Təhsil güzəşti, motivasiyanı, inamı sevir, stressi yox!

“Abituriyentdən soruşulan bilik, mütəxəssisdən soruşulan biliklə eyni səviyyədədir”

 

Bu sözləri AzEdu.az-a danışan  Hədəf Şirkətlər Qrupunun qurucusu və baş direktoru Şəmil Sadıq deyib.

 

O, qeyd edib ki, buraxılış və qəbul imtahanlarda eyni fəndən imtahan keçirilməsi yalnışdır:

 

“Ali məktəblərə qəbul imtahanları iki mərhələdə aparılır. Birinci mərhələ həm də orta təhsil pilləsini bitirən şagirdlər üçün buraxılış imtahanıdır. Buraxılış imtahanı Azərbaycan dili, rizayiyyat, ingilis dili üzərindən, qəbul imtahanlarının ikinci mərhələsi olan, el arasında hələ də qrup imtahanları adlandırılan blok imtahanlarında isə istiqamətlər üzrə fənn imtahanları keçirilir.

 

Çox maraqlıdır ki, ikinci mərhələ imtahanlarında birinci mərhələdə Azərbaycan dilindən imtahan verən şagirdlər III blokda yenidən Azərbaycan dilindən, I və II blokda isə yenidən riyaziyyat fənnindən imtahan verirlər.

 

Bu heç bir halda qəbul edilə bilən və məntiqli deyil. Rəsmilər bunun niyəsini belə izah edirlər ki, abituriyentin seçəcəyi ixtasasa görə blokda eyni fəndən ona görə imatahan verilir ki, bilik daha dərinləməsinə ölçülsün. Bu fikrin özü belə yanlışdır. Daha dərinləməsi dedikdə daha çətin suallar nəzərdə tutulur. 

 

Nəzərə alsaq ki, III blok şagirdlərinin ikinci mərhələdə verdiyi Azərbaycan dili dil fənni sadəcə filologiya fakültələrinə faydalı ola bilər, o da olsa. Belə ki, üçüncü blokda tarix, ibtidai sinif, sosial iş və s. kimi fakültələrdə bu fəndən sadəcə qrammatika üzərindən aparılan ikinci sorğulamanın əlavə yükdən başqa heç bir nəticəsi yoxdur.

 

Heç filologiya fakültələrinə qəbul olmaq istəyənlər üçün də lazım deyil. Eyni prinsipi biz birinci və ikinci blokda riyaziyyata aid edə bilərik. Sadəcə riyaziyyat və informatika fakültələri üçün qismən faydalı olan ikinci eyni fəndən – riyaziyyatdan imtahan qida sənayesi, kimya mühəndisi, coğrafiya müəllimləri üçün gərəkli deyil”.

 

Həmsöhbətimiz bildirib ki, abituriyentdən soruşulan bilik, mütəxəssisdən soruşulan biliklə eyni səviyyədədir:

 

“Biz qəbul imthanlarına universitetə buraxılış imatahanı kimi baxmamalıyıq. Şagirdlər məktəbi bitirib universitetə ona görə qəbul olurlar ki, öz ixtisasını daha yaxşı mənimsəsin, mütəxəssis olsun. Amma abituriyentdən soruşulan bilik isə mütəxəssisdən soruşulan bilik səviyyəsindədir ki, bu böyük yanlışdır. Axı biz orta məktəb buraxılışını niyə bu qədər çətinləşdirməliyik?

 

Məhz bu cür yanaşma repetitorluğun genişlənməsinə, dərinləşməsinə rəvac verir. Bu isə valideynlərin narazılığına, təhsildən, dövlətdən narazı qalmasına gətirib çıxarır ki, bunu isə heç bir məmur istəməməlidir. Təhsildən narazı kütlə qəbul prosesinin ağırlığından daha şiddətli narazı zümrəyə çevirir. Çünki yaradılan bu cür çətin qəbul prosesi birbaşa valideynin büdcəsi hesabına başa gəlir ki, bu da  məktəblərin nüfuzuna xeyli xələl gətirir.

 

Soyuq başla düşünəndə bir fəndən iki dəfə imtahan götürmək heç nəyə fayda vermir. Mürəkkəblikdən başqa heç nəyə yaramayan bu sistem aradan götürülməlidir. Nə olar ki, buraxılış imtahanında götürülən o üç fənn elə qəbulun nəticəsi kimi də qəbul edilsin. Axı gənclik yazıqdır, valideynlər çətinlik çəkir, dövlət büdcəsindən əlavə xərclər yaranır.

 

Dediklərimin hər biri üçün hər iki qurumla müzakirəyə də, debata da hazıram. Kimsə məni inandırsın ki, bir filoloq olmaq istəyən üçün iki dəfə sorğu-sual etmək onun gələcək peşə fəaliyyətinə faydalıdır, hələ digər ixtisas sahiblərini demirəm.

 

Təhsil güzəşti sevir, motivasiyanı sevir, inamı sevir, özgüvənin məhv edilməsini, stressi yox!”