Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-20 14:22:56
Bullinq evdən başlayır – Psixoloqdan ANALİZ

Sosial şəbəkələrdə məktəbli qıza qarşı tətbiq olunan bullinq müzakirə mövzusuna çevirilib.

 

Maraqlıdır, burada əsl günahkar kimdir?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Azərbaycan Psixologiya Akademiyasının (APAK) rəhbəri Səbinə Cəbrayılova bildirib ki, istər bullinqə məruz qalan, istərsə də zorakılıq tətbiq edənlər valideyn nəzarətindən kənarda qalan uşaqlardır:

 

“Həmin yeniyetmələrə təbii ki, hansısa bir cəza tətbiq olunacaq. Amma ilk növbədə yeniyetmə qız həmin davranışı etməkdə gücü haradan alır və yaxud da bullinqə məruz qalan yeniyetmə niyə susub? Bu məsələ araşdırılmalıdır. İlk olaraq bullinqə məruz qalan qızdan başlayaq. Həmin qız zorakılığa uğramasına baxmayaraq susur və heç bir reaksiya göstərmir. Sakitcə güclü tərəfə boyun əyir və ona qarşı tətbiq edilən zorakılığa göz yumur. Demək bu məktəbli qız uşaqlıqdan valideynin əmrlərinə tabe olan, hər istəniləni edən və valideynin gözdən çıxartdığı övladdır. Valideyn öz övladı ilə maraqlanıb, dərdləşməyi bacarırsa, onun övladı heç bir zaman belə ola bilməz. Burada bullinqə məruz qalan məktəbli qız evdə həmin o reaksiyaları görür ki, burada da susur. Bu onun öyrəşdiyi bir davranışdır”.

 

Səbinə Cəbrayılova qeyd edib ki, bullinqi tətbiq edən məktəblilər isə evdə hər istədiyi edilən, öz qanunlarını tərtib edib bu qanunlarla yaşayanlardır.