Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-09 10:28:00
Özbəkistanda dərs deyən azərbaycanlı: “Bizim gənclərə həsəd aparırlar”

Xəbər verdiyimiz kimi, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin uzun müddətli apardığı işlər nəticəsində bu ölkənin bir sıra aparıcı universitetlərində Azərbaycan dilinin tədrisinə başlanılıb.

 

Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti və Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin Filologiya fakültəsinin tələbələri üçün aparılan dərslərdə Azərbaycan əlifbası, dilimizin fonetika, lüğət və qrammatikası, onun öyrənilmə metodikası tədris olunur.

 

Dərsləri Azərbaycan dili üzrə mütəxəssis - pedaqoq Mətanət Xudiyeva aparır.

 

Məsələ ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq Özbəkistanda Azərbaycan dilinin tədrisi ilə məşğul olan Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin baş mütəxəssisi Mətanət Xudiyevadan açıqlama aldıq.

 

“Ölkə hüdudlarından kənarda ana dilimizi tədris etmək mənim üçün çox qürurvericidir”- deyə mütəxəssis bildirib:

 

“Bu ilin yanvarın 22-dən etibarən Özbəkistana Azərbaycan dili fənninin tədrisi ilə bağlı ezam olunmuşam. Buradakı tələbələrimi çox sevirəm, hər biri çox qonaqpərvərdirlər. Xaricdən gələn başqa millətin nümayəndəsinə diqqət ayırmaqları ön plandadır. Xüsusən də onlar müəllimə “Ustaz” deyirlər. Əgər “Ustaz” onlar üçün xaricdən gəlibsə, ona ayrıca diqqətlə yanaşırlar. Təkcə tələbələr yox, rektor, prorektor, müəllim heyəti və b. hər birindən özümə qarşı böyük hörmət görürəm. Bu müddət ərzində özbək tələbələrə Azərbaycan dilinin incəliklərini dərindən öyrətməklə yanaşı, hər iki dilin (Özbək və Azərbaycan) türk dilləri qrupuna aid olması və bir-birinə çox yaxın olmasını da diqqətə çatdırıram. Azərbaycan dilinin beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldilməsi uğrunda fəaliyyətin bir parçası olmağım mənə qürur verir. Azərbaycan universitetlərində 20 il Azərbaycan dilini tədris etmişəm. Ancaq ölkəmizdən kənarda, başqa millətə mənsub olan insanlarla işləyərkən fərqli hislər keçirirəm.

 

Özbək xalqının dilimizə sevgiylə yanaşmasının şahidi olmaq fənni iki qat sevgi ilə tədris etməyimə səbəb olur. Gələcək günlərdə özbək tələbələr Azərbaycan dili ilə yanaşı, Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə də yaxından tanış olacaqlar. Əminəm ki, bu proses gənclərin dilimizə sevgisini, ölkəmizə marağını daha da artıracaq. Bu iki dövlət arasındakı dostluq münasibətinin möhkəmlənməsinə zəmin yaradacaq”.

 

M.Xudiyeva qeyd edib ki, hər dəfə dərsdən sonra tələbələrim daha çox söz öyrənmək istədiklərini bildirirlər:

 

 Açıklama yok.

“Onların Azərbaycana sevgisi tamam fərqlidir. Onlara ölkəmiz, eləcə də gənclərimiz çox maraqlı gəlir. Hər dəfə gənclərimizə dövlət tərəfindən göstərilən qayğıdan, təhsilsəki yeniliklərdən uğurlardan danışdıqca həsəd aparırlar. İstəyirlər ki, öz gözləri ilə gəlib şahid olsunlar. Əslində təhsil sistemimizin oxşar cəhətlər çoxdur. Burada da artıq hər şey elektronlaşdırılıb jurnallar və s. Ancaq onu deyə bilərəm ki, Azərbaycan gəncliyi daha çox inkişaf edib. Burada hələ ki, Sovet rejiminin qalıqlarını hiss edirəm”.