Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-08 14:12:00
Qarabağ Universiteti regionun təhsil ulduzlarından biri olacaq

Ötən gün Qarabağ Universitetinin Nizamnaməsi təsdiq edilib. Belə ki, həmin nizamnamədə universitetin fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

 

Bununla bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Süleymanov qeyd edib ki, Qarabağ Universiteti əvvəlcə ölkənin, daha sonra regionun əhəmiyyətli universitetlərindən biri olacaq:

 

“Qababağ Universiteti ilə əlaqəli cəmiyyətin gözləntiləri çox yüksəkdir. Bu ali məktəbin Xankəndidə yerləşməsinin simvolik mənası var. Birincisi odur ki, universitet seperatçıların paytaxt seçdiyi ərazidə fəaliyyət göstərir. İkinci olaraq isə Xankəndi infrastruktur baxımdan demək olar ki, kifayət qədər əlverişlidir.

 

Nizamnaməyə baxdığımız zaman Qarabağ Universitetinin yenidən qurulması ilə bağlı kifayət qədər nüansların yer aldığını aydın şəkildə görürük. Universitet müasir tələblərə uyğun şəkildə təsis olunur”.

 

Professor bildirib ki, yaxın zamanlarda universitet rəhbərliyi təyin olunacaq:

 

“Bakalavr təhsili üzrə artıq ixtisaslar müəyyənləşib. Universitetin formalaşması ilə əlaqəli proses başlayıb. Bu mərhələyə başlamaq üçün nizamnamə təsdiq olunmalıydı. Hesab edirəm ki, yaxın zamanlarda universitet rəhbərliyi təyin olunacaq. Artıq ixtisaslarla əlaqəli professor-müəllim heyətinin, universitetin maddi-texniki bazasının formalaşması istiqamətində işlərə start verilməlidir.

 

Düşünürəm ki, Qarabağ Universiteti regionun təhsil ulduzlarında biri olacaq. Çünki ölkəmizin iqtisadi gücü, kadr potensialı bunu deməyə əsas verir. Universitetin inkişafında Azərbaycanın xaricdəki elm adamlarının təcrübələrindən istifadə olunması son dərəcədə əhəmiyyətlidir.

 

Yaxşı müəllim yaxşı tələbəni yetişdirir, eyni zamanda o, lazımlı tədqiqatda ortaya qoyur. Bu da öz növbəsində universitetin beynəlxalq reytinqinə təsir göstərir. Qarabağ Universitetinin həm tədrislə əlaqəli boşluğu dolduracağına, eyni zamanda regionun təhsil ulduzlarından biri olacağına əminəm”, - deyə fikrini yekunlaşdırıb.