Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-08 13:19:38
Polis Akademiyasına qəbul: Şərtlər, imkanlar, xidmət müddəti... - RƏSMİ

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına sənəd qəbuluna başlanıb. Sənədlərin qəbulu prosesi 2024-cü il yanvar ayının 22-dən mart ayının 3-dək bazar günləri istisna olmaqla hər gün saat 10-dan 17-dək namizədin qeydiyyatda olduğu inzibati ərazi üzrə polis idarə və ya şöbələrində həyata keçiriləcək.

 

Bəs, görəsən, qəbul üçün imtahandan əlavə hansı şərtlər qoyulur? Abituriyentlər hansı meyarlara cavab verməlidirlər?

 

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Polis Akademiyasından məlumat verilib.

 

Bildirilib ki, qəbul prosesində 16 yaşdan 18 yaşadək olan (2024-cü ilin avqust ayının 1-dək 16 yaşı tamam olacaq) boyu ən az 165 sm olan, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan dilini sərbəst bilən, həmçinin, yaxın qohumlarında: (ana, ata, bacı və qardaş) məhkumluğu olmayan, hərbi xidmətə yararlı, eləcə də normativ qaydalara uyğun gələn oğlanlar qəbul prosesində iştirak edə bilərlər.

 

Abituriyentlər fiziki hazırlıq imtahanı (fiziki hazırlıq üzrə minimal normativlər: turnikdə dartınma – çəkisi 80 kiloqramadək olanlar üçün – 10 dəfə, 80 kiloqramdan yuxarı olanlar üçün – 8 dəfə; qaçış 100 metr məsafəyə – 15 saniyə və 1000 metr məsafəyə – 4 dəqiqə; qollar üzərində bədənin döşəmədən qaldırılması – 20 dəfə; arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması – 20 dəfə) verməli, Nazirliyin seçmə komissiyasından uğurla keçdikdən sonra Tibb İdarəsinin Xüsusi həkim komissiyasında müayinə olunub “Polis Akademiyasında təhsilə yararlı” olması barədə rəyi sənədləri toplanan polis orqanına dərhal təqdim etməlidirlər.

 

Daha sonra mandat (müsabiqə) zamanı Daxili İşlər orqanlarının rəhbər şəxsləri namizdələrə dünyagörüşü, Azərbaycan tarixi, Azərbaycan ədəbiyyatı, eləcə də dünyada baş verən müəyyən hadisələrlə bağlı suallar verirlər.

 

Bu prosesləri uğurla keçən namizəd Dövlət İmtahan Mərkəzinin ( DİM) təyin etdiyi III ixtisas qrupu üzrə hüquqşünaslıq ixtisasından imtahan verir (qeyd edək ki, keçən  il keçid balı 439.3 olub). İlkin mərhələdə müsabiqədən keçən şəxslərin siyahısı DİM-ə təqdim olunaraq onlar arasından müvafiq plan yerinə uyğun namizəd seçilir. (Qeyd edək ki, bu il 500 nəfərin seçimi nəzərdə tutulub).

 

Təhsil müddəti digər mülki ixtisaslarda olduğu kimi 4 ili əhatə edir. Eyni zamanda Polis Akademiyası digər ali təhsil müəssisləri arasında ən yüksək təqaüd verən ali təhsil müəssisəsidir. Kursantın təhsil aldığı müddətdə bütün ehtiyacları o cümlədən; yataqxana, geyim, tibbi xidmətlər və s. dövlət tərəfindən təmin olunur. Akademiyanı bitirdikdən sonra kursantlar 100% işlə təmin olunur. Əla qiymətlərlə məzun olanlar polis baş leytenantı, adi qiymətlərlə bitirənlər isə polis leytenantı rütbəsinə layiq görülürlər. Bundan əlavə 4 ilin sonunda həmin namizədlərə hərbi leytenant rütbəsi qazandıqları üçün hərbi xidmətə getməklərinə ehtiyac qalmır. Vətəndaş qeydiyyatda olduğu ərazi üzrə əzam olunaraq, orada işlə təmin olunur.

 

Xidmət müddətinə gəlincə bu 20 ili əhatə edir. Kursantın oxuduğu 4 il xidmət müddətinin daxilində hesablanır. 20 ildən sonra polisə əmək pensiyası hesablanır.  

 

Polis Akademiyasına qəbul qəbul zamanı “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə ilə müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən vətəndaşlar müsabiqəyə buraxılmır.

 

Əsasnamədə nəzərdə tutulub ki, ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, 2024-cü ilin yanvar, aprel və iyul tarixlərində həqiqi hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum edilmiş (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla) vətəndaşlar müsabiqəyə buraxılmır.