Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-07 15:23:00
Sertifikasiya: “Müəllimlərin uğursuz nəticələrini qabartmaq olmaz”

Məlumdur ki, setifikasiya imtahanından kəsilən 743 müəllimin pedaqoji fəaliyyətinə xitam verildi. Bununla bağlı dəfələrlə sosial şəbəkələrdə müxtəlif formatlı yazılar paylaşıldı.

 

Bir çox hallarda müəllim nüfuzu onun müvəffəqiyyət göstəricisi ilə müqayisə edilərək müxtəlif mənfi fikirlər formalaşdı.  

 

Bəs, görəsən müəllimlərinin nüfuzunun zədələnməsində onların topladıqları bal rol oynayırmı?

 

Təhsil mütəxəssisi Nadir İsrafilov AzEdu.az-a açıqlama verib.

 

Ekspert bildirib ki, bir vaxtlar hamını müəllim imtahana çəkərdi, indi müəllimi imtahana çəkirik:  “Müəllim sertifikasiyaya görə yox, nüfuzuna görə, müqəddəs və şərəfli hesab etdiyimiz müəllim adının qorunub, saxlanılmasına görə daim hazırlıqlı olmalıdır. Bu birmənalıdır. Lakin, hansısa müəllimin və ya  konkret sayda müəllimlərin uğursuz nəticəsini “filan qədər müəllim imtahandan kəsildi” başlığı altında manşetə çıxarmaq – bax, bu yol verilməzdir. Bu azmış kimi, imtahandan kəsilməsini qabardaraq ictimailəşdirməklə onun olan-qalan nüfuzuna hələ bir sarsıdıcı zərbə də vururuq!? “Kəsilib” əvəzinə “sertifikasiyadan keçməyən”, “lazımı və yaxud keçid balını toplaya bilməyən”, ən pis halda isə heç olmasa “uğursuz nəticə göstərən” müəllimlər demək bu qədərmi çətindir...? Unutmayaq ki, dünən bizi yetişdirən də müəllimdir, bugünkü müəllimi yetişdirən də bizik.

 

 

Qarşıda hələ 3 il var. Keçən müddət ərzində qaydalarda müəyyən dəyişikliklər edilib. İstisna olunmur ki, növbəti illərdə də müvafiq dəyişikliklər ediləcək, o cümlədən daha çox narazılıq yaradan müsahibə mərhələsi ilə bağlı hansı zəruri dəyişikliklərə ehtiyac yaranacaq, bunu gedişat göstərəcək. Əsas məsələ sertifikasiya həyəcanının, imtahan “xofunun” aradan qaldırılmasıdır”.