Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-20 16:14:00
12 dil bilən “Maraqlı adam”: “Sinif yoldaşlarım mənə dəstək olmur”

AzEdu.az təhsil portalı “Maraqlı adam” rubrikasında növbəti müsahibəni təqdim edir.

 


Bu dəfə haqqında bəhs etdiyimiz Gülşən Feyziyevadır.

 

 

Belə ki, o, 12 dildə fikrini ifadə etmək bacarığına malikdir. Dilini öyrəndiyi 12 ölkə arasından ABŞ, Yaponiya və Cənubi Koreyaya səyahət etmək istəyir. Gülşənin ən böyük arzusu ABŞ-də təhsil alamaqdır.

 

 

Müsahibəni təqdim edirik:

 

 

- Gülşən, ilk növbədə özünüzü oxucularımıza təqdim edərdiniz...

 

- Mən, Gülşən Feyziyeva Lənkəran rayonunun Viravul kənd 2 nömrəli tam orta məktəbin 10b sinif şagirdiyəm. Peşə sinifində təhsil alıram. Əsas qayəm tərcümə ixtisası üzrə özümü təkmilləşdirməkdir. Hazırda 12 dil bilirəm.

 

- Dil öyrənməyə marağınız necə yarandı?

 

- Aşağı siniflərdə ingilis və rus dilini keçmişəm. Lakin bu dillərə marağım olmayıb. Daha sonra poliqlot olmaq haqqında düşünməyə başladım və bu istiqamətdə irəlilədim. İngilis dili biliyim uşaq vaxtında zəif idi. İstədim ki, bir dil artırım və bu dil Cənubi Koreya dili oldu. Daha sonra düşündüm ki, ingilis dilini də öyrənməliyəm.

 

- Bu istedad sizə ailədən keçib, yoxsa sırf özünüz öyrənmək istədiniz?

 

- Valideynlərim sadəcə Azərbaycan dilini bilirlər. Yəni heç ana dilimizdən başqa hansısa dil bilmirlər. Ona görə də özüm təkcə öyrənməyə başladım. Qeyd etdiyim 12 dili heç bir kurs və müəllim yanına getmədən, internet vasitəsi ilə öyrənməyə çalışıram.

 

- Qeyd etdiniz ki, internet vasitəsi ilə dil öyrənirsiz. Ən çox hansı vasitələrdən istifadə edirsiniz?

 

- Daha çox “YouTube” və  “Play Store” platformalarından istifadə edirəm. Məsələn, xüsusilə də “Duolingo” proqramı dil öyrənmək üçün əlverişli vasitədir. Məhz bu proqram ingilis dilini öyrənməyim üçün mühüm rol oynadı. 1 gündə 20 söz öyrənməyə çalışıram. Günün böyük bir hissəsini dillərə sərf edirəm.

 

- Bəs hansı dilləri yaxşı səviyyədə bilirsiniz?

 

- 12 dildən Çin, Koreya, Yapon, İngilis dilini yüksək səviyyədə bilirəm. Amma Ərəb, İspan dillərini hələ də öyrənməyə davam edirəm. Bu dilləri yadda saxlamaq üçün bir neçə dəftər ayırmışam. Həmin dəftərlərə yazdığım sözləri hər gün təkrar edib, yeni sözlər üçün axtarış edirəm. Dil öyrənmək üçün asan üsullardan biri sözləri yazmaqdır.

 

- Bakalavr təhsilinizi Azərbaycanda yoxsa, xaricdə davam etdirmək istərdiniz?

 

- III ixtisas qrupu üzrə hazırlaşıram. Tərcümə fakültəsinə qəbul olmaq istəyirəm. Ən böyük arzum Amerika Birləşmiş Ştatlarında yerləşən hansısa bir universitetdə təhsil almaqdır.

 

- Repetitor yanına gedirsinizmi, yoxsa özünüz hazırlaşırsınız?

 

- Xeyr, özüm hazırlaşıram. Maddi durumumuz zəif olduğu üçün öz üzərimdə çalışıb təqaüd qazanmaq istəyirəm.

 

- Ailədə və ətrafınızda ən böyük dəstəkçiniz kimlərdir?

 

- Mənə ən böyük dəstək verən valideynlərim, müəllimlərim və təhsil aldığım məktəbin direktoru, Araz Babayevdir. Amma deyərdim ki, sinif yoldaşlarımdan mənə dəstək olan heç kim yoxdur. Düşünürəm ki, məktəbdə dostumun olmamasının əsas səbəbi onların mənə həsəd aparmasıdır.

 

- Sizin kimi dil bilmək istəyənlərə nə tövsiyə edərdiniz?

 

 

-Mən tövsiyə edirəm ki, bu istiqamətdə çox çalışsınlar. Çünki dil öyrənmək çox çətin bir prossesdir. Hər bir ölkənin özünəməxsus qrammatika və əlifbası var. Bunu icra edərkən bir çox qaydalara riayət etmək lazımdır.