Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-07 11:19:00
“Dövlət məktəbləri ilə liseylərdəki dərs keyfiyyəti arasında fərq görmürəm”

Müşahidələr onu göstərir ki, lisey bitirən şagirdlərin ali məktəbə qəbul nəticələri dövlət məktəblərindəki şagirdlərə nisbətən daha yüksək olur. Buna görə də valideynlər müəyyən vəsait xərcləyərək övladını məktəbdə deyil, məktəb-liseyində təhsil almasını istəyir.

 

Maraqlıdır, bəs liseydə keçirilən dərslərin keyfiyyəti məktəblərdə niyə yoxdur?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov bildirib ki, məktəb-liseylər istedadlı uşaqlar üçün nəzərdə tutulur:

 

“Liseylərdə savadına görə seçilən şagirdlər təhsil alır. Məlumdur ki,burada oxuyanlar daha çox beynəlxalq və respublika üzrə keçirilən fənn olimpiadalarında iştirak edirlər. Həmin şagirdlər ölkəmizi təmsil etdikləri üçün müəllimlər müəyyən güzəştlər edir, onlar üçün şərait yaradırlar. Qeyd edim ki, olimpiadalarda yer tutan şagirdlər ali məktəblərə müsabiqədən kənar daxil ola bilir. Sadəcə bir fənnin hazırlığına köklənən şagird isə daha yaxşı nəticə göstərməyə nail olur”.

 

Mütəxəssis liseylərdə imtahan ilə qəbul olunan şagirdlərin əksəriyyətinin yaxşı nəticələr göstərməsi gözlənilən olduğunu qeyd edib:

 

“Amma çox təəssüf ki, liseylərdə də universitetə hazırlıq üçün xüsusi kurslara, müəllim yanına gedənlərin olduğunu eşidirik. Belə olan halda  liseylər əslində tam funksiyasını icra edə bilmir və ya şagirdlər, valideynlər liseydən tam faydalana bilmirlər. Düşünürəm ki, bəlkə də məktəb onlara həmin səmərəni verə bilərdi. Amma şagirdlərin mentaliteti, valideynlərin yanaşması, buna icazə vermir”.

 

Müsahibimiz dərs keyfiyyəti baxımından dövlət məktəblərinin, yoxsa liseylərin daha keyfiyyətli olması iddialarına aydınlıq gətirib:

 

“Məktəb-liseylərində təhsil alan şagirdlər üçün bir çox üstünlüklər var. Məsələn, onlar bütün günlərini liseydə keçirərək, buranın yataqxanasında qalır, kitabxanalarda uzun müddət dərs ilə məşğul ola bilirlər. Onların dərs oxumağına mane olan heç bir nüans olmur. Nəticə olaraq da yüksək bal toplaya bilirlər. Düşünürəm ki, dövlət məktəbləri ilə məktəb-liseylərindəki dərs keyfiyyəti heç də bir-birindən fərqlənmir”.