Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-16 14:15:00
“Şəhid yadigarı” : “Atam söz vermişdi ki,  müharibə bitsin, gələcəm...” - MÜSAHİBƏ

Vətən müharibəsinin şəhidlik zirvəsinə ucalan qəhrəmanlarının özlərindən sonra bizə miras qoyduqları övladlarının bir çoxu bu gün Azərbaycanın müxtəlif ali və orta təhsil müəssisələrində oxuyurlar.

 

AzEdu.az təhsil portalı dəfələrlə “Şəhid yadigarı” rubrikası ilə şəhidlərin vətənə əmanət etdikləri  övladlarından silsilə müsahibələri sizlərə təqdim edib.

 

Bugünkü müsahibimiz Azərbaycan Dillər Universitetinin III kurs tələbəsi Həqiqət İsgəndərlidir.

 

O, Azərbaycan Silahlı Qüvvələrinin keçmiş çavuşu, İkinci Qarabağ müharibəsinin şəhidi Əlizamin İsgəndərovun qızıdır. O, 44 günlük müharibənin 40-ci günündə şəhidlik zirvəsinə ucalıb.

 

- Həqiqət xanım, təhsiliniz barədə məlumat verə bilərsinizmi?

 

Mən, 2017-ci ildə Azərbaycan Dövlət Pedaqoji Kollecində Məktəbəqədər təlim və tərbiyə ixtisasına qəbul olundum. Kollecdə təhsil aldığım müddətdə ali məktəbə qəbul olmaq üçün müvafiq imtahanlara hazırlaşırdım. Nəhayət 2021-ci ildə Azərbaycan Dillər Universitetinin İngilis dili müəllimliyi ixtisasına qəbul olundum. Hazırda 3-cü kursda təhsil alıram.

 

- Gələcəyinizlə bağlı hədəfləriniz nədir?

 

Qısamüddətli hədəfim magistraturaya qəbul olmaqdır. Ondan sonra isə ixtisasım üzrə işləməyi düşünürəm. Gələcəkdə özümü müəllim kimi öz sözünü demiş, təcrübəli və bacarıqlı bir kadr kimi görürəm.

 

- Bəs atanız sizi hansı peşədə görmək istəyirdi?

 

Atam özü bir hərbiçi kimi  peşəsini layiqincə yerinə yetirirdi. Bizə də tapşırmışdı ki, hansı peşəyə yiyələnməyimizdən asılı olmayaraq həmişə əlimizdən gələnin ən yaxşısını etməyə çalışaq. Ümumiyyətlə, təhsilimizlə bağlı seçimlərə qarışmırdı. Həmişə deyirdi ki, “Hansı ixtisas üzrə təhsil almaq istəsəniz, sizi dəstəkləyəcəm”.

 

- Dərslərdə davamiyyətiniz necədir?

 

Məktəb vaxtından bəri dərslərimdə daima fərqlənib, məktəbi əlaçılıqla bitirmişəm. Hazırda  universitetdə də göstəricilərim yüksəkdir.

 

- Uşaqlıqda hər kəsin müxtəlif arzuları olur. Siz özünüzü hansı peşədə görməyi arzulayırdınız?

 

- Uşaqlıqdan müəllim olmaq isdəyirdim. İndi də uşaqlıq arzumu reallaşdırmaq üçün müəllimlik ixtisasında oxuyuram.

 

- Ailədə neçə uşaqsınız?

 

- Ailədə 4 uşağıq. Mən evin böyüyüyəm. Bacım və qardaşım universitetdə təhsil alır. Balaca qardaşım isə 2-ci sinifdə oxuyur.

 

- Balaca qardaşınıza dərslərində köməklik edirsiniz?

 

- Bəli. Əsasən, dərslərinə mən köməklik edirəm.

 

- İdeal şəxs sizin üçün kimdir ?

 

- İdealım Anamdır. Çünki o, mənə bütün çətinliklərə baxmayaraq ayaqda güclü durmağı öyrədib. Mən də onun kimi olmağa çalışıram.

 

Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?

 

Dil öyrənməklə məşğul oluram. Əsas da ingilis dili səviyyəmi yüksəltmək üçün çalışıram.

 

- Həqiqət xanım, atanız yaddaşınızda necə bir insan kimi həkk olunub?

 

Atam mənim üçün gücün simvolu idi. O, yaddaşımda məğrur, güclü, əsl qəhrəman kimi qalıb. İnsanlar hələ də onun mərdliyindən danışır. Atam formanı geyinəndə sanki daha da güclü görünürdü gözümə. Düşünürdüm ki, heç kim atamı məğlub edə bilməz. Özü də həmişə deyirdi ki, "Düşmən əlbəyaxa döyüşdə atana heç nə edə bilməz".

 

- Onunla bağlı son xatirəniz nədir? Sirr deyilsə...

 

- Sonuncu dəfə bacımın ad gününü birlikdə qeyd etdik. Mənim ad günüm isə dərs vaxtına düşürdü deyə ailəmlə birlikdə qeyd edə bilmədim. Atam söz verdi ki, müharibə bitsin gələcəm, sənin ad gününü birlikdə qeyd edəcəyik. Amma təəssüf ki, o günü görmək ona qismət olmadı.

 

-Son olaraq, ali məktəblərə hazırlaşan abituriyentlərə nə kimi tövsiyələr verərdiniz?

 

- Özüm abituriyent vaxtı bir insan üçün ən böyük acını yaşadım. Atamı itirdim... Çox çətinliklərlə qarşılaşsam da, məqsədimə çatmaq üçün əlimdən gələni etdim. İnanıram ki, abituriyentlər qarşılarına qoyduqları məqsəd üçün yetərincə çalışsalar hər şeyi bacararlar.

 

Sifayə Abbas