Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-06 15:55:00
Şuşalı müəllim : “Məktəb mənim üçün məbədgahdır”

I Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində işğal olunan torpaqlarımızda yerləşən təhsil ocaqlarımız dağıdıldı. Ancaq bu təhsilimizin inkişafına maneə ola bilmədi. Həmin məktəblərin bir çoxu müxtəlif ərazilərə köçürülərək yenidən fəaliyətə başladı.

 

İşğal olunan torpaqlarda yerləşən məktəblərin digər ərazilərdə bərpa olunması nəticəsində, Qarabağlı müəllimlərin bir çoxu yenidən həmin məktəblərdə çalışmağa başladı.

 

AzEdu.az Təhsil Portalı olaraq torpaqlarımız işğal olunmamışdan öncə Şuşada doğulub, boya-başa çatan və müəllim kimi çalışan Zərifə Nəsirovaya müraciət etdik.

 

Belə ki, o, hazırda Şuşa rayon 7 nömrəli tam orta məktəbdə  Azərbaycan dili və Ədəbiyyat müəllimi kimi fəaliyyətini davam etdirir.

 

Zərifə müəllim, Şuşada hansı məktəbdə təhsil almısınız?

 

 

- Şuşa rayon 1 nömrəli məktəbdə təhsil almışam.

 

 

- Hazırda Bakıda yerləşən Şuşa 7 nömrəli tam orta məktəbdə çalşırsınız. Bu məktəbi seçməyinizin xüsusi səbəbi varmı?

 

- Şuşa işğal olunandan sonra yenidən Şuşa təhsilinə, mədəniyyətinə yaxın olmaq istədim.Şuşa məktəbini seçməyimin əsas səbəbi bu idi. Şəhidlərin, qazilərin övladlarına dərs keçmək mənim üçün böyük şərəfdir. Mən Şuşalı müəllim olmağımla fəxr edirəm.

 

 

- Xocalı soyqırımı zamanı Şuşada yaşayırdınız?

 

 

- Bəli, həmin gecənin dəhşəti hələ də yadımdadır. O hadisəni eşidəndə qanımız dondu. İndiyə qədər heç bir tarix kitablarında o qədər vəhşicəsinə müharibəyə rast gəlməmişdik. Həmişə istəyirəm ki, mənə ən uca tribunanı versinlər. Çıxıb ora deyim ki, “Qadınlara uşaqlara güllə atan ermənilərin bu vəhşiliyinə necə susdunuz?”.

 

- Şuşa şəhəri işğaldan azad olunandan sonra öz doğma yurdunuzu görməyə getdinizmi?

 

- Şuşa şəhəri işğaldan azad olunduqdan sonra oraya getdim. Uzun illərin ayrılığından sonra torpağı öpdüm. Azərbaycanın üç rəngli bayrağı Şuşanın ağ dumanına bürünmüşdü. Ürəyimdə bir qürur hissi var idi. Daha sonra təhsil aldığım 1 nömrəli məktəbə getdim. Həmin an bütün uşaqlığım, məktəb illərim, gəncliyim gözümün önündən keçdi.

 

 

- Doğulduğunuz torpağa qayıdıb, orada yenidən müəllim kimi çalışmaq istəyərdiniz?

 

- Mənim ən böyük arzum Qarabağda, xüsusən də Şuşada işləməkdir. Əgər yenidən hər hansısa peşəni seçmək imkanım olsaydı,  yenə də müəllimliyi seçərdim. Ona görə ki, mən şagirdlərə bağlıyam onları çox sevirəm. Məktəb mənim üçün məbədgahdır.

 

 

Şagirdlərin dərsə hazırlıq səviyyəsi necədir?

 

-  Biz şagirdlərə tez-tez deyirik ki, indi elm və texnika əsrdir. Elmsiz heç nə etmək mümkün deyil. Ona görə də şagirdlərimiz böyük həvəs və ruh yüksəkliyi ilə dərsə hazırlaşır. Şagirdlərdə maraq oyatmağı bacarırıqsa, başqa heç bir qüvvə onları təhsildən yayındıra bilmir.  Onları vətənpərvər ruhda tərbiyələndiririk. Vətəni sevməyi ona sahib çıxmağı öyrədirik. Təkrar-təkrar deyirəm ki, bu qələbə elə bir məktəb yaratdı ki, gələcək nəsillər həmin məktəbdən vətənpərvərlik dərsi alacaqlar.

 

Sifayə Abbas