Bu gün - 30 iyul dünyada Beynəlxalq Dostluq Günü kimi qeyd olunur.
AzEdu.az xəbər verir ki, bu əlamətdar gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 65/275 saylı qətnaməsi ilə 2011-ci ildə təsis edilib və hər il iyulun 30-da qeyd olunur.
Müasir dünya yoxsulluq, zorakılıq, insan hüquqlarının pozulması, müharibələr, xəstəliklər və epidemiyalar kimi çoxsaylı çağırışlarla üzləşir. Bu problemlər beynəlxalq sülhə və təhlükəsizliyə, sosial sabitliyə və davamlı inkişafa ciddi təsir göstərir. BMT hesab edir ki, bu təhdidlərin aradan qaldırılmasının əsas yollarından biri insanlar arasında həmrəyliyin və dostluğun gücləndirilməsidir.
Beynəlxalq Dostluq Gününün təsis edilməsi təşəbbüsü UNESCO tərəfindən irəli sürülüb. Təşkilat hesab edir ki, uşaqların sülh, qarşılıqlı hörmət və harmoniya şəraitində böyüməsi gələcəkdə beynəlxalq əməkdaşlığın və davamlı sülhün möhkəmlənməsinə töhfə verə bilər.
BMT dünya ölkələrini, dövlət qurumlarını, beynəlxalq və regional təşkilatları bu günü hər bir xalqın mədəni ənənələrinə uyğun şəkildə qeyd etməyə, sivilizasiyalar arasında dialoqu, qarşılıqlı anlaşmanı, tolerantlığı və barışığı təşviq edən tədbirlər təşkil etməyə çağırır.
Qətnamədə vurğulanır ki, xalqlar, ölkələr, mədəniyyətlər və insanlar arasında dostluq münasibətləri sülhün möhkəmlənməsinə xidmət edir və müxtəlif cəmiyyətlər arasında etimad körpülərinin qurulmasına şərait yaradır.
Beynəlxalq Dostluq Gününün əsas məqsədlərindən biri də gəncləri müxtəlif mədəniyyətlərə hörmət ruhunda tərbiyə etmək və onları ictimai fəaliyyətə cəlb etməkdir. Çünki həqiqi dostluq sərhəd, dil və mədəniyyət fərqlərini aşaraq insanları bir araya gətirən ümumbəşəri dəyər hesab olunur.
Mütəxəssislər bildirirlər ki, səmimi dostluq münasibətləri insanın psixoloji sağlamlığına müsbət təsir göstərir. Sevinc və kədərini bölüşə biləcəyi dostları olan insanlar çətinliklərin öhdəsindən daha asan gəlir və tənhalıq hissini daha az yaşayırlar.
Hazırda dünyanın bir çox ölkəsində Beynəlxalq Dostluq Günü münasibətilə dostluğun, qarşılıqlı hörmətin və tolerantlığın təbliğinə həsr olunan müxtəlif tədbirlər keçirilir.
Qeyd edək ki, dostluğa həsr olunmuş digər beynəlxalq tarixlər də mövcuddur. Belə ki, 9 iyun – Beynəlxalq Dostlar Günü, 25 iyun – Slavyan Xalqlarının Dostluğu və Birliyi Günü, 26 sentyabr isə Köhnə Dostlarla Görüş Günü kimi qeyd olunur.