Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-04 10:37:06
Valideynlər, müəllimlər günündə hədiyyə bəhsinə girməyin!

Müəllimlər günü, müəllimin ad günü… Uzun illərdir ki, həmin günlərdə valideynlər könüllü, yaxud məcburi olaraq əlavə vəsait xərcləyirlər.

 

AzEdu.az-a açıqlama verən təhsil eksperti Adil Vəliyev deyir ki, valideyndən hədiyyələr qəbul etməklə müəllim səlahiyyətlərinin əlindən alınmasına bir növ icazə verir: “Müəllim heç bir halda valideynin əlinə baxmalı deyil. Əgər valideyn bahalı bir əşya və ya pul verirsə, sözsüz ki, bunun məqsədli olduğunu düşünməlidir. Çünki bunun qarşılığında müəllimdən nəsə tələb edə bilər.

No description available.

Məsələn, övladını ön sırada əyləşdirmək istəyə və ya dərsə göndərməyə bilər. Həmin vaxt müəllim artıq valideynin bu istəkləri ilə razılaşmaq məcburiyyətində qalacaq. Bu da o deməkdir ki, müəllim özü səlahiyyətlərinin əlindən alınmasına icazə verir.

 

Belə durum müəllimin hansısa bir mövzu ilə bağlı valideynə söz deyə bilməməsi, müəyyən nüanslarda ixtiyarsız olması ilə nəticələnə bilir”.

 

Ekspert müəllimə hədiyyə verilməsi məsələsində valideynlərin rəqabətə girməsinin doğru yanaşma olmadığı qənaətindədir: “Müəllimin valideynin yanında gözükölgəli olmaması üçün ondan hər hansı bir bahalı əşya və ya pul gözləntisi olmamalıdır. Ola bilər ki, valideyn müəllimə hədiyyə vermək istəyir. Bunda qəbahət görmürəm. Ancaq bu valideynlər arasında rəqbətə çevrilməməlidir. Bir valideyn hər hansı bir şey aldıqda digərinin ondan daha bahalı bir hədiyyə almağa çalışması absurddur. Valideynlərin “WhatsApp” qruplarına nəzər salsaq görərik ki, hər bayram yaxınlaşdıqda oxşar vəziyyət meydana gəlir”.

 

A.Vəliyev deyir ki, sertifikasiyadan keçən müəllimlərin maaşı artırıldığı üçün onların valideynlərdən gözləntiləri olmamalıdır: “Sertifikasiyadan keçən müəllimlərin maaşları kifayət qədər artırılır. Yəni müəllimlərimizin maaşları öz ehtiyaclarını qarşılaya bilməyəcək və valideyndən gələn nəyisə gözləyəcək qədər az deyil. Azərbaycan məktəblərində fəaliyyət göstərən müəllimlərin böyük hissəsi qadın müəllimlər olduğunu və maaşlarının da kifayət qədər olmasını nəzərə alsaq, onların valideynlərdən hansısa tələbi olmamalıdır. Bayramlarda da valideynlər “WhatsApp” qrupunda yığışıb hədiyyə axtarmalı, hədiyyə vermək uğrunda yarışmalı deyil. Valideyin “WhatsApp” qruplarının yaranması valideynlərin övladlarının təhsil məsələləri ilə bağlı müzakirələrin aparılması üçün olmalıdır. Təssüf ki, bu qruplarda heç vaxt təhsillə bağlı söhbətlər getmir”.