Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-29 15:50:00
“Vətənpərvər uşaqlar yetişdirmək çətin deyil” - Mübariz İbrahimovun müəllim qohumu ilə MÜSAHİBƏ

Xalqımızın adını daim xatırlayacağı bir qəhrəman var - Şəhid Mübariz İbrahimov. Milli Qəhrəmanımızın adı Azərbaycan vətəndaşlarının qəlbində əbədi taxt qurub.

 

Mübariz İbrahimov 2010-cu ilin iyunun 18-dən 19-na keçən gecə Tərtərin Çaylı kəndi istiqamətində gedən qeyri-bərabər döyüşdə düşmənin xeyli canlı qüvvəsini məhv edib, bir neçəsini isə yaralayıb. O, bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edib. Düşməni ağır itkilərə məruz qoyub, onların zəif cinahlarını üzə çıxarıb. Milli Mübariz İbrahimov qeyri-bərabər döyüşdə şəhid olaraq bir zamanlar əcnəbilərin cəsurluğunu özlərinə nümunə sayan Azərbaycan gəncliyi üçün əsl qəhrəmana çevrildi.

 

Milli Qəhramanın yaxınlarının bir çoxu müəllimlik fəaliyyəti ilə məşğul olur. Onlardan biri də şəhidimizin xalası qızı Arzu Quliyevadır.

 

Biləsuvar rayonunun Əliabad kəndindəki Malik Piriyev adına tam orta məktəbin ibtidai sinif müəllimi Arzu Quliyeva AzEdu.az-ın müsahibi olub. 

 

Onunla müxtəlif mövzularda həmsöhbət olduq. Arzu xanım vətənpərvər şagirdlər yetişdirən, peşəsini sevən müəllimlərdən biridir.

 

- Zəhmət olmasa özünüzlə bağlı qısa məlumat verərdiniz...

 

- Mən, Quliyeva Arzu Böyükbəy qızı, Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşam. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsindən məzun olmuşam. 2001-ci ildən Malik Piriyev adına tam orta məktəbdə pedaqoji fəaliyyətə başlamışam. 

 

- Müəllimlik çox müqqəddəs bir peşədir. İşinizlə aranız necədir, sizə stimul verən nələr var?

 

- İşimi çox sevirəm. Şagirdlərim həyatımın bir parçasıdır. Peşə devizim budur ki, müəllim ən birinci sevməlidir, sonra öyrətməlidir. Əgər insan işini sevərsə,hər şeyi edə bilər. Mən də şagirdlərimi çox sevirəm. Həmin sevgini özümə qarşı da hiss edirəm. Bu da mənə stimul verir. Eyni zamanda, bunu da xüsusilə qeyd etmək istəyirəm ki, şəhid Mübariz İbrahimovun oxuduğu məktəbdə çalışmaq bizim üçün bir qürur mənbəyidir. Onunla eyni qanı daşımaq isə tamamilə ayrı bir şərəfdir. Mübariz İbrahimov mənim xalam oğludur. Biz onun vətəni, xalqı üçün etdikləri ilə qürur duyuruq. Hətta deyərdim ki, Mübariz olduğu kimi tanınmayıb. O, təsvir ediləndən daha artıq olub.

 

- Şagirdlərinizə işğal, soyqırımı faktlarını necə çatdırırsınız?

 

- Yadımdadır, sinfimdə Xocalı soyqırımının anım günü ilə bağlı çıxış edirdim. Sonra şagirdlərə yazdığım çıxışı bir-bir oxutdum ki, xəttimi başa düşüb-düşmədiklərini bilim. Uşağın biri oxudu, daha sonra sıra Zori Balayanın öz kitabındakı türk uşağının dərisini soyması barədə etirafına çatdı və ani bir hərəkətlə ayağa qalxıb pörtmüş, pərt və əsəbi halda "Müəllim, bunlar olmuş hadisələrdir?", - deyə mənə sual verdi.. 

 

Həmin uşaq bir neçə ildən sonra vətən keşiyində əsgər kimi duracaq. Həmin an mən də pərt oldum. Xocalıda başımıza gətirilənlərdən ağlaya-ağlaya uşaqlara danışdım. Onlara çarpayıya bağlanıb yandırılan ahıllarımızdan, girov götürülən qız-gəlinlərimizdən, qarnından uşaqları çıxarılan hamilə qadınlarımızdan, meşədə donub qalan sakinlərimizdən, yer üzündən silinmiş 8 ailədən bəhs etmişdim. Açıq etiraf edim ki, həm müəllim, həm də valideyn kimi bələkdəki körpəmizə də düşməni olduğu kimi təqdim etməyin tərəfdarı olmuşam.

 

Ümid edirəm ki, yaxın günlərdə şagirdlərimə Xocalımızın qisasının alındığı barədə xəbəri də çatdıracağam. Və sinfimdə "Xocalıya ədalət!" şüarı yazılmış lövhəni də götürəcəm...

 

- Uşaqlarda vətənpərvərlik hisslərini formalaşdırmaq üçün xüsusi nəsə edirsiniz? 

 

- Vətənpərvər şagirdlərim çox olub. Yuxarıda qeyd etdiyim şagirdim Uğur və onun oxuğu sinfin uşaqları olduqca vətənpərvərdilər. Ümumiyyətlə, bizim məktəbdə vətənpərvər ruhda uşaqlar yetişdirmək çətin deyil. Onların uşaqlıqdan bu ruhda olduğu anlaşılır. Mənim müəllimi olduğum IV sinifdə Mübariz İbrahimovun ailəsindən olan bir uşaq da oxuyur. Onun qardaşının qızı mənim sinfimdədir. Bu da sinfin ümumi ruhuna təsir edir.

 

Uşaqlara vətənpərvərliyi erkən yaşdan aşılamaq lazımdır. Hətta, mənim fikrimcə, düşmənlərimizlə, başımıza gətirilən faciələrlə bağlı bütün gerçəkləri uşaqlara anlatmaq lazımdır.

 

- Ailənizdə sizdən başqa müəllim olaraq çalışan kimsə var? 

 

- Məktəb mənim ikinci evimdir. Çünki orada şagirdlərim kimi xatirələrim çoxdur. Mən müəllim ailəsində doğulmuşam. Atam müəllim idi. Eyni məktəbdə bacım və əmim də müəllim olaraq çalışır.
 

 

- Müəllim kimi çalışdığınız müddətdə unuda bilməyəcəyiniz hansı xatirənizi bölüşə bilərsiniz?

 

- Başıma maraqlı, unuda bilməyəcəyim çox hadisə gəlib. Ən yadda qalan isə bu il "Son zəng"də sinfimlə ayrılıq anımız idi. Onbirincilərin "Son zəng"i idi. Şagirdlərimlə mənim ayrılmaq anımız "Son zəng"in bütün iştirakçılarını təsirləndirmişdi. Uşaqlar səmimiyyətin özüdür, saflığı, dürüstlüyü, paklığı təmsil edirlər. Onların sevgisi yalan ola bilməz. Fikirləri, hissləri təmizdir. 

 No description available.

- Elm və Təhsil Nazirliyinin keçirdiyi sertifikasiya imtahanları ilə bağlı narazılıq edən müəllimlər də var. Keçirilən imtahanlara sizin münasibətiniz necədir?

 

- Sertifikasiya immtahanı Elm və Təhsil Nazirliyinin ən doğru layihəsidir. Çünki proses çox şəffaf həyata keçirildi. Orada könüllülərin imtahan iştirakçılarına olan münasibəti, yardımı bizlər üçün çox böyük stimul idi. Suallara gəldikdə isə deyə bilərəm ki, əlinə jurnal götürüb sinfə girən hər bir müəllim sertifikasiyadan razı qalıb. Ümumiyyətlə, narazı olmaq mümkün deyil. Mən sertifikasiyanın test mərhələsindən 51 bal toplamışam. Hədsiz həyəcanlı idim, buna görə də çıxanda müsahibə  vermək istəmədim. Suallar asan, orta, çətin səviyyələrdə idi. Əslində bizim bilmədiyimiz şey çətin gəlir. Ancaq bizim bilməmiyimiz, həmin şeyin çətin olduğu mənasına gəlmir. Ümumən sertifikasiya imtahanı ilə bağlı düşüncələrim çox müsbətdir. Çox gözəl təşəbbüsdür.

 

- Son olaraq daha nələr demək istərdiniz?

Son olaraq sizə təşəkkürümü bildirirəm. Sizinlə həmsöhbət olmaq çox xoş oldu. Bu dünyada şükür etdiyim çox şey var. Bunlardan biri də peşəmdir. Təhsil almağıma dəstək olan hər kəsə dua edirəm. Allah ömür verərsə, peşəmə davam edib xalqıma dürüst, vicdanlı şəkildə xidmətimi davam etdirəcəyəm.

 

No description available.