Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-26 09:33:44
ADNSU - da Anım Gününə həsr olunmuş tədbir keçirilib

Sentyabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, tədbir Vətən müharibəsində şəhid olmuş 23 nəfər ADNSU məzununun xatirəsinə asalınmış Kompleksin önünə yürüş və əklil qoyulması ilə başlanıb. Universitetin Akt zalında davam edən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 


ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov ermənistanın tarixi Azərbaycan torpaqlarına qarşı illərlə yürütdüyü işğalçılıq siyasətindən, həmçinin əsrlər boyu xalqımızın başına gətirilən müsibətlərdən söz açaraq 2020-ci il sentyabrın 27-də müharibəni şərtləndirən növbəti hərbi təcavüzdən danışıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Ordumuzun misilsiz şücaəti sayəsində zəfərlə nəticələnən Vətən Müharibəsindən danışan dosent Vazeh Əskərov respublikamızda Anım Gününün təsis edilməsi haqqında Prezidentin Sərəncamının tarixi bir sənəd olmaqla yanaşı, həm də şəhidlərimizin əziz xatirəsinə sonsuz ehtiramın bariz nümunəsi olduğunu qeyd edib.

 

ADNSU-da şəhid məzunların xatirəsinin hər zaman dərin ehtiramla yad edildiyini deyən dosent Vazeh Əskərov bütün şəhidlərimizin daim qəlblərdə yaşayacağını, onların xatirəsinin hər zaman əziz tutulacağını bildirib.  Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov və Yeni Azərbaycan Partiyası (YAP) Xətai Rayon Təşkilatının sədri Vüqar Rəhimzadə  çıxış edərək Azərbaycan Xalqının tarixində müstəsna əhəmiyyət kəsb edən  27 sentyabr- tarixinin Ordumuzun qüdrətinin, gücünün, milli birliyimizin, mübarizliyimizin bütün dünyaya sübut edildiyi tarixin başlanğıcı olduğunu deyiblər. Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olaraq yaddaşlara yazılıb. Azərbaycan xalqı hər zaman qəhrəman oğullarının xidmətlərini yüksək qiymətləndirir və xatirəsini uca tutur. Sonra ADNSU-nun şəhid məzunları haqqında “Tarix yazan qəhrəmanlar” sənədli filmi nümayiş olunub.