https://www.zirve.edu.az/
18.03.2018 15:27
Yeni üsul tətbiq edən 14 yaşlı riyaziyyatçı

Faiq Nəcəfli: “İlk vaxtlar misal həll edəndə bunu fərqli yollarla etdiyimi düşünmürdüm…”

Elmi orta məktəblərə gətirmək, şagirdlərimizin elmi mühitlə tanışlığı son illərin ölkəmizin təhsil trendlərindən biri sayıla bilər. Artıq şagirdlərimizin elmi bilikləri, orta məktəbdə aldıqları təhsilləri, onların müxtəlif beynəlxalq bilik yarışlarında uğur qazanmaları, bir sıra təhsil ocaqlarında fəaliyyət göstərən “Kiçik Akademiyalar”, ölkənin tanınmış alim və mütəxəssislərinin ümumtəhsil müəssisələrində vaxtaşırı olmaları, şagirdlərlə görüşləri elmlə təhsilin əməkdaşlığının uğurla inkişaf etdiyindən soraq verir.

Müşahidələr göstərir ki, bu günün şagirdləri elmə daha çox maraq göstərir, həmin sahədə yeniliklər etməyə, tədqiqatlar aparmağa meyillidirlər. Bu da sevindiricidir.

Haqqında söhbət açacağımız Faiq Nəcəfli də elmə lap erkən yaşlarından maraq göstərənlərdəndir. Kaspi Liseyinin Bakıxanov filialında təhsil alan yeniyetmə VIII sinif şagirdidir. Təhsil ocağında yüksək nəticələri ilə tanınan Faiq zahirən öz yaşıdlarından fərqlənməsə də bu gün yüksək intellekti, riyaziyyat elmində əldə etdiyi yeniliyi ilə hamının diqqətini özünə cəlb etməyi bacarıb. O, natural ədədlərin 3-ə (9-a) bölünməsinin yeni əlamətini tapıb. Qeyri- adi istedad sahibi olan yeniyetmənin bu yeniliyi Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən “Natural ədədlərin 3-ə (9-a) bölünməsinin yeni əlamətləri” adlı elmi məqalə kimi 18.01.2018-ci il tarixdə qeydiyyatdan keçərək şəhadətnamə alıb.

Həll etdiyi məsələ və misallara baxanda aydın şəkildə görmək olur ki, o, fərqli üsullarla yazılır

Kaspi Liseyinin Bakıxanov filialında riyaziyyat müəllimi işləyən və riyaziyyat fənn birləşməsinin rəhbəri Laiq Məmmədyarov Faiqin gələcəkdə məşhur riyaziyyatçı olacağına ümid edir: “ Faiq Nəcəfliyə mən 6-cı sinifdə dərs demişəm. Ümumiyyətlə, bu sinfin bütün şagirdləri istedadlıdır. Faiq isə bir çox məsələ və misalların həllində fərqli yanaşma tərzi ilə sinif yoldaşlarından seçilirdi. Belə ki, keçdiyimiz və öyrətdiyimiz qaydalardan fərqli olaraq hesablamaları səmərəli etmək üçün özünəməxsus yollar tapır və tətbiq edirdi. Bunu mən elə ilk dərslərdən görürdüm. Şagirdlərin böyük əksəriyyəti onlara deyilənləri öyrənməyə, əzbərləməyə və tətbiq etməyə çalışır. Faiq isə deyilən və keçilən mövzuları öyrəndikdən sonra həmin mövzunu özününküləşdirir. Yəni, onun həll etdiyi məsələ və misallara baxanda aydın şəkildə görmək olur ki, o fərqli üsullarla yazılır. Ümumi çərçivədən çıxır, qeyd etdiyim kimi, özünəməxsusluğu var.

Sizə bir misal çəkim. Bilirsiniz ki, 6-cı sinifdə bölünmə əlamətləri mövzusu keçilir. Ona 9-a və 3-ə bölünmə əlamətləri deyilir. 3-ə və 9-a bölünmə əlamətləri bu şəkildədir: Hər hansı çoxrəqəmli ədədin rəqəmlərinin cəmi 3-ə və ya 9-a bölünürsə həmin ədədin özü də 3-ə və ya 9-a bölünür. Əgər ədədin rəqəmləri cəmi 3-ə və ya 9-a bölünmürsə, onda həmin ədədin özü də 3-ə və ya 9-a bölünmür.

Məsələn: 27891 ədədinin 3-ə bölünüb- bölünmədiyini aydınlaşdıraq.

27891 ədədinin rəqəmləri cəmi (2+7+8+9+1) 27-yə bərabərdir. 27 ədədi 3-ə bölündüyündən 27891 ədədi də 3-ə bölünür.

Faiq isə həmin qaydanı bu şəkildə ifadə edir:

Hər hansı çoxrəqəmli ədədin rəqəmlərindən istənilən formada düzəlmiş ədədlərin cəmi 3-ə və ya 9-a bölünürsə, həmin ədəd 3-ə və ya 9-a bölünər. Əgər cəm 3-ə və ya 9-a bölünmürsə, onda həmin ədədin özü də 3-ə və ya 9-a bölünmür.

Məsələn: 27891 ədədinin rəqəmlərindən istifadə etməklə belə bir ədəd düzəldək. 89+271=360. 360 ədədi 3-ə və 9-a bölündüyündən 27891 ədədi də 3-ə və 9-a bölünür.

Faiqin tapdığı üsul daha rahat həll yoludur, deyə bilərik.

Gördüyünüz kimi, Faiqin hər bir suala, misala fərqli formada baxmaq, düşünmək xüsusiyyəti var. Belə bir fərqli yanaşma mənim üçün də maraqlı oldu. Məhz onu yaşıdlarından fərqləndirən istedadı, bacarığı və qabiliyyətidir. O, hələ 6-cı sinifdə oxuyanda belə bir fikir irəli sürdüyü üçün mən düşünürəm ki, gələcəkdə riyaziyyatda digər yenilikləri ilə bizi təəccübləndirməkdə davam edəcək.

Faiq öndə gedən şagirdlərimiz üçün stimulverici bir rəqib idi

Sinif rəhbəri Lalə İsmayılova belə düşünür. Faiq kimi xüsusi istedada malik olan şagirdlər üçün həm ailədə, həm də oxuduqları təhsil ocağında xüsusi dəstəkləyici mühitin olmasını çox vacib amil sayan sinif rəhbəri şagirdini dəstəkləyən bu mühiti həm ailədə, həm də təhsil aldığı Kaspi Liseyində gördüyünü deyir. Qeyd edir ki, şagirdi bildiklərini öz sinif yoldaşları ilə bölüşmə mədəniyyətilə xüsusi fərqlənir, özünə qarşı tələbkar və olduqca məsuliyyətlidir.

Lalə müəllim Faiqin təhsilini müvəffəqiyyətlə davam etdirdiyini söyləyir: “Faiqin təhsildəki nailiyyətləri bizi çox sevindirir. Bu sinfə gəlməzdən əvvəl şagirdlərimizlə birlikdə onun nəticələri ilə maraqlanmışdıq, çünki Faiq bizim sinfin öndə gedən şagirdləri üçün, sözün əsl mənasında, stimulverici bir rəqib idi. Sinfimizə gəldiyi ilk gündən Faiq punktuallığı, dərslərindəki uğurları ilə çox qısa bir zamanda diqqətimizi özünə cəlb etməyi bacardı. O, daim öz üzərində işləyərək əldə etdiyi bilik və bacarıqları bizim xüsusi təşkil edilmiş sinif saatlarında yoldaşları və mənimlə bölüşür. Faiqin riyaziyyat və texnologiyaya böyük marağı var. Belə ki, o, istər riyaziyyat sahəsində, istərsə də texnologiya, xüsusilə də kompüter texnologiyasına aid yenilikləri öyrənməyə, öyrəndiklərini isə tətbiq etməyə çalışır.

Faiq dərslərini əla qiymətlərlə oxumaqla yanaşı basketbol və karate ilə də məşğul olur . Liseydə təşkil edilən basketbol dərnəyinin aktiv üzvlərindəndir.

Sinif rəhbərinin şagirdində bəyəndiyi xüsusiyyətlərdən biri isə onun yardımsevər olmasıdır. Belə ki, Faiq böyük həvəslə ətrafında dərslərlə bağlı və yaxud da dərsdənkənar köməyə ehtiyacı olan yoldaşları ilə öyrəndiklərini paylaşır, onlardan yardımını əsirgəmir. Yaşının az olmasına baxmayaraq, intellektual cəhətdən inkişaf etmiş, bacarıqlı, işgüzar və öz bacarıqlarını bölüşməyə hazır, xeyirxah bir şagird kimi özünü tanıdıb.

Belə istedadlı yeniyetmələrin onlara stimul verdiyini söyləyən Lalə müəllim Faiqin gələcəkdə ağlı, zəkası və bacarığı ilə daima zirvələrdə olacağına əmindir.

Təhsil aldığı Kaspi Liseyi bu yeniliyin tanınmasında “yaşıl işıq” oldu

İxtisasca riyaziyyatçı olan və uzun illər riyaziyyat müəllimi işləmiş nənəsi Nəzimə Vəliyeva bizimlə söhbətində nəvəsində 4-5 yaşından fərqlilik, qeyri-adilik hiss etdiyini, riyazi rəqəmlərlə maraqlandığını deyir. Bəlkə də çoxları üçün çətin hesab edilən riyaziyyata olan marağı Faiqi bu sahədə yeniliklər etməyə sövq edirdi: “Faiq hələ 5-ci sinifdə oxuyarkən riyaziyyatda fərqli üsullar tətbiq edərək həll yollarını tapırdı. Mən ilk vaxtlar bunun o qədər də fərqinə varmırdım. Tapşırıqları həll edəndə ona yolunu başa salırdım. Lakin sonradan görürdüm ki, o tamam başqa bir üsulla onları həll edib. Alınan nəticə də düzgün idi. Başladım özüm də natural ədədləri Faiqin etdiyi üsulla həll etməyə. Sözün düzü, gözlərimə inanmadım. Cavablar düz alındı. Faiq ədədləri elə qruplaşdırır ki, onları toplamaq asan olmaqla yanaşı, həm də cavabı tez tapmaq olur.

Biz yeniliklə bağlı onun riyaziyyat müəllimi Laiq müəllimlə müzakirə apardıqdan sonra qərara aldıq ki, bu barədə liseyin direktoru Tural Əliyevə məlumat verək. Liseyin rəhbərliyi və müəllimlər bu yeniliklə ətraflı tanış oldular. Və yekun fikir belə oldu ki, bu riyaziyyatda yeni bir baxış formasıdır və həmin üsul riyaziyyatda tətbiq olunmayıb. Liseyin rəhbərliyinin və müəllimlərin bizə olan inamından daha da ruhlandıq. Bizə hər işimizdə arxa və dəstək oldular. Faiqin bu yeniliyi 2017-ci ildə “Fizika, riyaziyyat və informatika tədrisi” jurnalının 3- cü nömrəsində “Natural ədədlərin 3-ə (9-a) bölünməsinin yeni əlaməti” adı ilə elmi məqalə kimi çap olundu. Ona mütəxəssislər rəy verdilər. Sonradan onun bu yeniliyi Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən rəsmi qeydiyyata alındı. Mən bir daha özümün və Faiqin valideynləri adından bizi dəstəklədiklərinə və bu yeniyetmənin istedadına “yaşıl işıq” yandırdıqlarına görə təhsil aldığı Kaspi Liseyinin rəhbərliyinə və müəllim kollektivinə təşəkkür edirəm.

Oxumaq, öyrənmək, yeniliklər etmək

Oxuduğu illər ərzində yüksək bilik və bacarığı ilə fərqlənən Faiqə hər zaman lisey tərəfindən diqqət göstərilib. O, təhsil müəssisəsinin keçirdiyi imtahanlardan yüksək bal topladığı üçün təhsil haqqı ilə bağlı müəyyən güzəştlərdən yararlanır.

Özü isə müəllifi olduğu bu yeni üsulla bağlı bunları deyir: “Sözün düzü, mən ilk vaxtlar misal həll edəndə bunu fərqli yollarla etdiyimi düşünmürdüm. Adəti üzrə nənəm mənə riyaziyyatdan tapşırıq vermişdi və mən onu həll edərkən bu üsuldan istifadə etdim. Nənəm cavabları yoxlayarkən onun həllinin fərqli üsulla həll etməyimə baxmayaraq cavabın düzgün olduğunu görəndə təəccübləndi. Başdan mənə qəbul olunmuş ənənəvi üsulla həll etməyi məsləhət görən nənəm sonradan özü şagirdlərinə tapşırıqları mənim həll etdiyim üsulla həll etməyi öyrətdi”.

Faiq bütün fənləri eyni dərəcədə sevir. Tarix və coğrafiya fənlərindən də uğurları var. Liseyin keçirdiyi olimpiadalarda, bilik yarışlarında yüksək nəticələri ilə fərqlənir. 14 yaşlı yeniyetmənin bir məqsədi, amalı var: “Oxumaq, öyrənmək, yeniliklər etmək və hər zaman öndə olaraq biliyi, zəkası ilə tanınmaq”.

İstedadlı şagird, valideyn nəzarəti və lisey mühiti…

Lisey mühiti, müəllimlərin düzgün istiqamətləndirməsi, dəstəyi, valideyn nəzarəti və himayəsi öz sözünü deyir. Bəli, bu məktəb üçbucağının və Faiq Nəcəflinin özünün istedadının, bacarığının nəticəsi göz qabağındadır. Onun təhsil aldığı Kaspi Liseyində şagirdlərin potensiallarının müəyyənləşdirilməsi və inkişaf etdirilməsi diqqətdə saxlanılır. Təhsil müəssisəsində şagirdlərdə mövcud olan bacarıq və qabiliyyətlərin formalaşdırılması, onların istedadının üzə çıxarılması, həmçinin müasir və keyfiyyətli təhsil almaları üçün hər cür imkan və şərait yaradılıb. Belə ki, Kaspi Liseyində intellektual, özünə inanan, yaradıcı və cəmiyyətə töhfə verə biləcək nəslin yetişməsi üçün xüsusi təlim- tərbiyə mühiti mövcuddur. Millilik, məsuliyyətlilik, mükəmməllik, innovativlik və yaradıcılıq kimi dəyərləri özündə ehtiva edən bu təhsil müəssisəsi Faiq Nəcəfli kimi neçə-neçə istedadlı yeniyetmənin üzə çıxarılmasında, tanıdılmasında dəstək olmaqla yanaşı, gələcək həyat yolunun müəyyənləşdirilməsində də əhəmiyyətli rol oynayır.(muallim.edu.az)