Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-22 09:39:00
 “İlin Gənc Müəllimi” repetitorluğa “yox” deyir:  Dərs məktəbdə keçilməlidir!  

AzEdu.az təhsil portalı “İlin Gənc Müəllimi” müsabiqəsinin qalibləri ilə müsahibələri davam etdirir.

 

Xatırladaq ki, müsabiqə Milli Məclisin Mədəniyyət komitəsi və  AzEdu.az Təhsil Portalının birgə təşkilatçılığı ilə təşkil olunub.

 

Növbəti müsahiblərimizdən biri də İmişli şəhər Əli Səmədov adına 6 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Səbinə Əsədovadır.

 

AzEdu.az  Səbinə müəllimlə müsahibəsini təqdim edir:

 

-Abituriyent və tələbə olduğunuz dönəmdə sizi motivasiya edən amillər hansılar idi?

 

-Abituriyent vaxtı həmişə dərslərə hazırlıqlı getməyə çalışırdım. Çünki müəllimin “dərslərə niyə hazır deyilsən?” sualına verəcək cavabım yox idi.

 

-Tələbə olarkən sosial məşğuliyyətlə aranız necə idi?

 

-Bütün tədbirlərdə aktiv iştirak edərdim. Könüllülük fəaliyyətimə səbəb tələbəlik vaxtım olub. Tələbə olduğum dönəmdə YAP GB idarə heyəti, Heydər Əliyev Fondunda fəaliyyətim olub. Hazırki dönəmdə isə “Qeyd”, “İrəli”, “AGMA” , İmişli FGMA, Təhsil könüllüsü, Azərbaycan Respublikası Anti-Narkomaniya İctimai birliyi, Gender HUB kimi yerlərlə əlaqələrim var.

 

-Bu peşəyə gələnlər ya müəllim olmağı arzulayanlar, ya da balı bura uyğun olduğu seçənlərdir, bəs siz?

 

-Müəllimliyə ailəmin istəyi ilə gəlmişəm. Atam və əmim bu sənəti çox sevirdi. Hətta mən tələbə olanda necə bir müəllim olacağımın xəyalını qururdular.  Atam IX sinifdən sınaq məqsədi ilə kollecə sənəd verməyimi istədi. İmtahanda yüksək nəticə topladım. Seçdiyim bütün ixtisaslar ibtidai sinif müəllimi idi. Və qəbul olundum. Oxuya-oxuya ixtisasımı lap çox sevməyə başladım.

 

-İlk iş yeri həmişə unudulmaz olur. İlk təyinat yerinizdən hansı təssüratlarla ayrılmısınız?

 

-Uşaqların qəlbi sevgi ilə doludur.  O sevgiyə sahib olmaq isə biz müəllimlərdən asılıdır.  İlk tanışlıqdan çox kənd məktəbindən gedişim illər keçsə də, yaddaşımdan silinmir. Hətta yaddaşımda çox dərin izlər buraxıb. Yerdəyişmə edib gedərkən şagirdlərim sağollaşmaq üçün yol kənarında gözləyirdilər. Hamısının gözündə yaş vardı. Hələ də ağlıma gələndə gözlərim yaşla dolur, “kaş ki, getməzdim” deyirəm.

 

 No description available.

 

-Müəllim kimi çalışdığınız dönəmdə başınıza hansısa maraqlı hadisə gəlib?

 

 

-2 rayon 3 fərqli məktəbdə işləmişəm. İbtidai məktəbdə işləyirdim. Komplekt siniflər və az şagirdim vardı. Məktəb 2 sinif otağından ibarət idi. Yalnız 1 otaqdan istifadə edə bilirdik. Dərsdə olduğumuz vaxt yağış başladı. Yağış, göy gurultusu, pəncərə şüşələrin səsi, sinfə düşən yağış damcıları həm şagirdləri,  həm də məni çox qorxutmuşdu.  Bütün sinif olaraq hamımız eyni idik. Hamımız qorxurduq. Və yağış keçib hava sakitləşənə qədər bir-birimizi qucaqlayıb gözlərimizi yummuşduq. Sonra uşaqlar mən olduğum üçün çox qorxmadıqlarını, mən də onların qorxu keçirməməsi üçün qorxuya qalib gəldiyimi hiss etdim.

 

-Özünüzdə ən çox hansı xüsusiyyətlərinizi bəyənirsiniz?

 

-Özümü çox sevirəm. Ona görə də konkret cavab verə bilmiyəcəm. Amma şagirdlərim yaddaşında bu cümlə ilə qalmışam. “Dostlar, nə olur olsanız, biz hər zaman bacaracağıq”

 

 No description available.

 

 

-Gələcəyin nə gətirəcəyini bilmirik və nə vaxtsa peşənizi dəyişmək istərdiniz?

 

-Başqa sahələr üzrə bacarıqlarım var. Amma özümü müəllimlikdən başqa sahədə görə bilmirəm. Bu sənəti özüm bilirəm. İstəsəm belə ayrıla bilmərəm.  Həqiqətən uşaqlarla işləmək insana xoşbəxtlik bəxş etdirir. İnsan saflaşır.

 

 -"İlin gənc müəllimi" müsabiqəsinə qatılmaqda gözləntiləriniz nə idi?

 

 -“İlin gənc müəllimi” müsabiqəsi hər zaman diqqətimi çəkib. artıq 3 cü dəfə idi, qoşulurdum.  Hər il öz üzərimdə daha çox işləyirdim. Qalib olana kimi də qoşulmağı düşünürdüm.  Bu müsabiqə hər zaman mənim üçün maraqlı olub. Bilirdim ki, haqqım olduğu zaman qalib gələcəm.  Çünki seçim prosesinin çox obyektik olduğundan əmin idim.

 

 No description available.

 

-Müsabiqədə ilk 10-luğa düşməyiniz sizdə hansı təssüratları yaratdı?

 

-Ağlamışdım.  10 müəllimdən biri olmaq mənim üçün ən böyük dəyər, qürur idi. Eyni zamanda daha məsuliyyətlə çalışmaq hissi, bütün etimadları sona kimi doğrultmaq hissi bütün hisələri üstələmişdi.

 

-Əmək haqqının az olması ilə bağlı hansısa çətinliyiniz olub?

 

-İlk dəfə işə qəbul olanda 213 manat əmək haqqı alırdım. Bunun yarısını yola xərcləyirdim. İş yerlərimi seçərkən, işə başlarkən əmək haqqını düşünməmişəm. Çünki bu sənətə məni sevgi gətirib. Bəlkə çox sevdiyimindən çətinlikləri hiss etməmişəm.

 

-Sizcə, abituriyent uğur qazanmaq üçün mütləq repetitor yanına getməlidir?

 

-Təhsil dönəmimdə repetitor yanına getməmişəm. Sinifdə müəllimlərdən aldığım təhsillə uğur əldə etmişəm. İbtidai sinif müəllimi olaraq düşünürəm ki, bir sinif müəllimin əlindədi. Müəllim isə sinfi irəli aparmaq üçün bütün bilik bacarıqlarından maksimum dərəcədə istifadə edir. Müəllimlərimiz vicdanla çalışır. Valideynlər övladlarına sinifdə öyrənməyi aşılmalıdır. Uşaq sinifdə öyrənməlidir. Uşaqlarda dərsə qarşı şübhə yaratmaq olmaz.

 

-Sizin üçün uğurun respeti varmı, hansıdır?

 

-Mənim üçün uğurun xüsusi bir resepti yoxdur. Sadəcə hər şeyin müsbət tərəfini görməyə çalışıram.

  

-Son olaraq bütün dünyaya səslənə bilsəniz, bir müəllim olaraq, nələr demək istərdiniz?

 

-Gələcəyin təməli bizlərin əlindədir. Təməlindən sevgi ilə başlayaq.  Hamını alim edə bilmərik. Amma əl- ələ verib qəlblərdə  sevgi, məhəbbət toxumlarını böyüdə bilərik.