Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-31 11:03:20
Kolleclərə ixtisas seçiminə kimlər buraxılır? - Rəsmi CAVAB

Bu gündən ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi başlayıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, ixtisas seçimi iyulun 31-dən avqustun 7-si saat 23:59-dək internet vasitəsilə aparılacaq.

İxtisas seçimi mərhələsində abituri­yentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

Bəs ixtisas seçiminə kimlər buraxılır?

DİM bildirib ki, ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. “Xoreoqrafiya sənəti (sahələr üzrə) ” və “Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.

Qeyd edək ki, 2023-cü ildə orta ixtisas təhsili müəssisələrinə tələbələrin qəbul olması üçün 10752 plan yeri ayrılıb. Ötən il müvafiq göstərici nisbətən az 10127 yer idi. Bu il qeydiyyatdan keçən və müsabiqə şərtini ödəyən 29445 abituriyent ixtisas seçiminə buraxılıb. Ötən il isə 30354 nəfərin müsabiqədə iştirak hüququ var idi. Abituriyentlərin nəzərinə çatdırırıq ki, ötən il olduğu kimi, bu il də müsabiqə şərtini ödəmiş, lakin ərizə qəbulu zamanı qeydiyyatdan keçməyən abituriyentlərə 31 iyul – 7 avqust tarixlərində qeydiyyatdan keçib ixtisas seçimində iştirak etməyə icazə verilir. Ona görə də ixtisas seçimində iştirak edən abituriyentlərin sayının daha da artacağı gözlənilir.

Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.