Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-28 12:06:31
Azad olunmuş rayonlarda 8 peşə məktəbi AÇILACAQ

Ölkə üzrə peşə təhsili müəssisələrinin sayı artırılır.

AzEdu.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini müvəqqəti icra edən Ceyhun Kərəmov deyib. Onun sözlərinə görə, Bakı, İsmayıllı, Gəncə və Bərdədə peşə təhsili müəssisələri fəaliyyət göstərir.

Ceyhun Kərəmov bildirib ki, cari ildə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi və Lənkəran Peşə Liseyinin açılışı nəzərdə tutulur.


Həmçinin Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə Kəlbəcər, Laçın, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda ümumilikdə 8 peşə təhsili müəssisəsinin açılması nəzərdə tutulub.


“Füzulidə peşə məktəbinin tikintisinə hazırlıq görülür”,- deyə o bildirib.


2026-cı ilədək isə Tovuz Peşə Liseyi, Qax Peşə Liseyi, Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbi, Quba Peşə Liseyi və Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsili Mərkəzinin açılışı nəzərdə tutulur.


Hazırda Azərbaycanda 98 peşə təhsil müəssisəsi var. Peşə təhsil mərkəzlərinin sayı isə 14-dür. Ölkəmizdə 120 ixtisas üzrə 23 min 600 tələbə peşə təhsili alır. Son üç ildə peşə qəbulu üzrə göstəricilər 30 faiz artaraq, keçən il tələbələrin sayı 19 mini ötüb. Bundan başqa, 2022-2023-cü tədris ilində 5 regionda fəaliyyət göstərən 8 peşə təhsil müəssisəsində yüksək texniki peşə təhsil səviyyəsi üzrə də tələbə qəbulu aparılıb. Hazırda respublikada 1466 tələbə yüksək texniki peşə təhsili alır. Bu təhsil səviyyəsi üzrə tələbələrin sayının 2026-cı ilə qədər 9200-ə çatdırılması planlaşdırılır.