Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-25 14:44:00
Serifikasiyada 60 bal toplayan müəllim imtahan sirlərini açdı - MÜSAHİBƏ

İyunun 24-ü müəllimlərin sertifikatlaşdırılma prosesinin test imtahan mərhələsində sonuncu gün oldu.

 

Qeyd edək ki, 20-23 iyun tarixlərində ölkə üzrə 20 minə yaxın ibtidai sinif müəllimi, 24 iyun tarixində isə 8500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi sertifikasiyanın test imtahanını verdi.

 

Dünən günün ən yüksək nəticəsi 60 bal oldu. iki nəfər imtahanda maksimal nəticə əldə etdi.

 

Bunlar Bakıdakı məktəblərdə çalışan Azərbaycan dili və ədəbiyyat müəllimləri Kəminə Zalova və Lalə Şükürovadır. 

 

AzEdu.az sayı Bakı şəhəri 170 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Lalə Şükürova ilə həmsöhbət olub.

 

- Lalə müəllimə, imtahan haqqında təəssüratlarınız nələrdir?

 

- İmtahan başlayana qədər həyəcanlı idim. Eyni zamanda, qürur hissi də keçirirdim ki, mən bir müəllim olaraq bu imtahanda iştirak etməyə layiq olmuşam.

 

- 60 bal toplayacağınızı gözləyirdiniz?

 

- Əslində gözləyirdim. Sadəcə, kurrikulumdan hədsiz çətin, çaşdırıcı suallar vardı. Son anda "təsdiq et" düyməsinə basana qədər düşünürdüm ki, o suallardan ən azı 5 səhvim olar. Əsas sonda 60 balı görə bildim, çox sevindim. Düşünürəm ki, doğrudan da tələsməməyin, fikirləşməyin, məntiqlə yazmağın rolu böyükdür. 

 

- İmtahana necə hazırlaşırdınız?

 

- Keçən ildən bəri özümdə məsuliyyət hiss edirdim. Bir müəllim kimi üzərimizdə nə qədər işləsək, gələcək nəsillərimiz də bir o qədər savadlı yetişir. Sertifikasiya başlayandan hazırlaşıram. Bu il kurrikulum üzrə özüm təkrar etdim, ancaq Azərbaycan dili və ədəbiyyat fənnindən bir müəllimlə hazırlaşdım. Əməyimin nəticəsini də gördüm.

 

- 60 bal toplamağın hıyatınıza nə kimi təsirləri olacaq?

 

- Dünəndən bəri sevinc hissi ilə doluyam. Hələ ki qarşıdakı məsələləri düşünmürəm. Onu deyim ki, 60 balı toplamaq yaxşı hissdir, ancaq sənin üçün sevinən insanların olması, çox gözəldir, insana ruh yüksəkliyi verir. Ümid edirəm ki, bundan sonrakı layihələr də uğurlu olacaq. 

 

- Müsahibədən də 40 bal toplasanz, maksimal nəticəni - 100 balı əldə edəcəksiniz. Belə bir hədəfiniz varmı?
 

- Təbii ki, müsahibədən də uğurla keçmək istərəm. Test mərhələsindən 60 bal toplamaq məndə arxayınlıq yaratmayıb. 

 

- Son olaraq imtahanda iştirak edəcək müəllimlərə yüksək nəticə üçün tövsiyələriniz nələrdir?

 

- Müəllimlər düşünməsinlər ki, vaxtım azdır, ev işim çoxdur. İndi texnologiya o qədər inkişaf edib ki, hər bir formada imtahana hazırlaşmaq mümkündür. Eyni zamanda, imtahana girəndə həyəcanı unutsunlar. Elə düşünsünlər ki, evdə oturub test işləyirlər. Beləliklə, həm diqqətlərini cəmləyə, həm də yaxşı nəticə göstərə bilərlər.