Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-07 13:15:08
AzMİU-da imtahan işləri tam şifrələnir - AÇIQLAMA

"Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yaz semestrinin imtahanlarında 8000-dən çox tələbə iştirak edir və imtahan işləri tam şifrələnir".

 

Bunu AzEdu.az-a açıqlamasında universitetin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev deyib.

 

Nicat Abdullayev bildirib ki, iyunun 1-dən etibarən start verilən yaz semestrinin imtahan sessiyası gələn ayın 5-dək davam edəcək. 

 

"Təsdiq olunmuş imtahan cədvəlinə uyğun olaraq tələbələr yazılı, test üsulları, qabiliyyət tələb edən fənlər üzrə isə ənənəvi qaydada fakültələrdə imtahan verirlər. Bütün imtahanlar mərkəzləşdirilmiş qaydada keçirilir. Prosesin şəfaf keçirilməsi, obyektiv qiymətləndirmə, neqativ halların aşkar edilməsi və qarşısının alınması üçün bütün məsələlər nəzərə alınıb. Nəzarət prosesi tələbələrə mane olmadan, peşəkar şəkildə həm fiziki, həm də texnoloji yolla həyata keçirilir".

 

Şöbə müdiri qiymətləndirmə ilə bağlı məsələlərə də diqqət yetirib. Qeyd edib ki, test imtahanlarında subyektiv yanaşma ümumiyyətlə mümkün deyil: "Burada tələbə kompüterlə baş-başa olur. İmtahan bitəndə monitorda neçə bal topladığını, dolayısı ilə qiymətini öyrənir və bu göstərici avtomatik olaraq sistemə işlənilir. Bəzi fənlər var ki, onlarda test imtahanı ilə tələbənin biliyini tam qiymətləndirmək mümkün deyil. Məsələn, tərsimi həndəsə, torpaq kadastrı, layihələndirmə və s. bu tip fənlərdən digər üsullarla imtahan götürülür".

 

Universitet rəsmisi qeyd edib ki, həmin imtahanları testdən fərqli olaraq ekspertlər (müəllimlər) yoxlayır, lakin onlar kimin işini yoxladığını bilmir: "Bütün işlər yoxlamaya göndərilmədən öncə şifrələnir, işin üzərindən tələbənin adı, soyadı olan hissə götürülür. Şifrələnmiş iş yoxlanıldıqdan sonra şifrəsi açılır və tələbənin qiyməti elektron şəkildə onun azmiu.edu.az portalı üzərindəki elektron kabinetinə gödərilir".

 

Qeyd edək ki, imtahanların nəticəsindən yarana biləcək narazılıqların, neqativ halların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə AzMİU-nun rəhbər və məsul şəxslərindən, universitetdə fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələrindən ibarət İmtahan Qərargahı yaradılıb. Bundan əlavə, imtahan sessiyası dövründə birbaşa rektorun sədrliyi ilə yaradılmış Münaqişə (Apellyasiya) Komissiyası da fəaliyyət göstərir. Burada imtahanların nəticələri barədə müraciətlərə baxılır və aşkar edilmiş çatışmazlıqlar aradan qaldırılır.