Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-06 18:25:36
III qrupda yüksək bal toplayan Mələkxanım: “Gələcəkdə səfir olmaq istəyirəm”

Dövlət İmtahan Mərkəzi (DİM) 20 və 21 may tarixlərində keçirilmiş II və III ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanlarının nəticələrini açıqlayıb.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, III ixtisas qrupu üzrə ən yüksək nəticəyə imza atmış iki abituriyentdən biri - Ağdaş rayon M.Şeyxzadə adına Texniki, təbiət və humanitar təmayüllü gimnaziyanın məzunu Əzizova Mələkxanım İlqar qızıdır.

Mələkxanım 392.5 bal toplayıb. Onun ümumi balı 679.2-dir.


Təəssüratlarını Azedu.az-la bölüşən M.Əzizova qeyd edib ki, o, bu nəticəni gözləmirmiş:


"Aşağı siniflərdən daim dərslərimə hazır olurdum. Humanitar fənlər və riyaziyyat çətin olmayıb. Əlbəttə, müəllimlərimin sayəsindəbu fənləri daha yaxşı əxz etdim. Amma kimya və fizikadan qiymətlərim pis olub. Yalnız DİM-in sınaqlarına hazırlaşırdım. Ali məktəbə repetitor yanında hazırlaşmışam. ADA Universitetinin Hüquq fakültəsini seçəcəyəm.
ADA-nı ona görə seçirəm ki, orada təhsil ingilis dilində aparılır və olduqca keyfiyyətli təhsil var. Həm də gələcəkdə səfir olmaq istəyirəm. Bunun üçün hüquq təhsili alacağam. Bu sahə xarakterimə daha çox uyğundur".

M.Əzizova onu da əlavə edib ki, gələcəkdə təhsilini Amerika və ya İtaliyada davam etdirmək istəyir.

Sonda M.Əzizova abituriyent olacaq şagirdlərə tövsiyələrini də verib:

"Hazırlıqlara güvənərək aşagi siniflərdə dərslərdən yayınmasınlar. Məktəb dərslərinə daim hazır olsunlar. Hazırlıqlarda daha da biliklərini təmərküzləşdirsinlər. Əsas məsələ - başqa sınaqlara müraciət etmədən DİM-in sınaqlarında iştirak etsinlər. Unutmayaq ki, biz DİM-in imtahanını veririk".