Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-14 11:38:00
298 bal toplayan şagird: “Mənə deyirlər ki, apellyasiya şikayəti ver!” - MÜSAHİBƏ

Dövlət İmtahan Mərkəzi (DİM) 9 və 16 aprel tarixlərində keçirilmiş ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələrini açıqlayıb.

 

16 aprel tarixli buraxılış imtahanında yüksək nəticə göstərən şagirdlərlərdən biri də Rüstəmov Cəmşid Əliağa oğludur.

 

AzEdu.az xəbər verir ki, Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbin şagirdi buraxılış imtahanından 298 bal toplayıb.

 

AzEdu.az saytı Cəmşidlə əlaqə saxlayaraq, onun təəssüratlarını öyrənib.

 

- Cəmşid, buraxılış imtahanından yüksək nəticə əldə etmisən. Hansı hissləri keçirirsən?

 

- Müəllim ailəsində böyüdüyümə görə, özüm də hər zaman yaxşı nəticələr əldə etməyə çalışmışam. Babam - Adil Rüstəmov əməkdar müəllim və tanınmış fizioloq olub.  Babalarımın davamçısı olmaq, vəsiyyətini yerinə yetirmək ən böyük xəyalım və məqsədimdir. İmtahana gəldikdə isə 300 bal gözləyirdim. 2 balımı ingilis dilindən açıq sualda itirmişəm, cavabım 6 baldan 4 balla qiymətləndirilib, ancaq yenə də yüksək nəticə əldə etdiyim üçün sevincliyəm. 

 

- Apellyasiyaya müraciət etməyi düşünmürsən ki?

 

- Məktəbdən də, evdən də müraciət etməli olduğumu deyirlər, amma mən istəmirəm. Düşünürəm ki, 298 bal da elə 300 balla eyni səviyyədədir.

 

Buraxılış imtahanında əldə etdiyin nəticə təkcə öz əməyinin bəhrəsidir, yoxsa repetitorla hazırlaşmışdın?

 

- Öz məktəb müəllimlərimlə hazırlaşmışam, üzərimdə əməkləri böyükdür. Bundan başqa,  ailəmin də dəstəyini xüsusi olaraq qeyd etməliyəm.

 

Hansısa ixtisas qrupu seçmisən?

 

- IV qrup üzrə hazırlaşıram, həkim olmaq istəyirəm. Lakin, hələ ki ixtisas olaraq stomatoloqluğu seçmişəm, gələcəkdə fikrim dəyişə də bilər. 

 

 - Azərbaycanda təhsil almaq istəyirsən, yoxsa xarici ölkədə?

 

- Azərbaycandakı savadlı müəllimlərimizdən bilik almaq istəyirəm. Başqa heç bir ölkədə istədiyim təhsili ala biləcəyimi düşünmürəm. Eyni zamanda, ali təhsilii başa vurduqdan sonra yenə öz ölkəmizdə çalışıb, vətəndaşlarımıza xidmət etmək istərəm.

 

- Uğurunun sirri nədir? Yaşıdlarına hansı tövsiyəni vermək istərdin?

 

- Əmək... Çox çalışmaq lazımdır. Davamlı şəkildə zəif olduğun mövzuları tapıb üzərində işləmək mütləqdir. Ancaq bu yolla yaxşı biliyə sahiblənmək olar.