Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-10 10:37:00
9-cuların imtahanında ən çox bal toplayan şagird: “Hər kəsin bir hədəfi olmalıdır!”

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 9-da keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb.

 

Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, 9 aprel tarixli buraxılış imtahanlarında ən yüksək nəticəyə 296,1 balla Bakı şəhəri Xətai rayonundakı 17 nömrəli məktəbin şagirdi Fərzullayeva Aysu Adil qızı imza atıb.   

 

AzEdu.az saytı Aysu ilə əlaqə saxlayaraq, onun təəssüratlarını öyrənib.

 

- Aysu, buraxılış imtahanından respublika üzrə ən yüksək nəticəni sən toplamısan. Hansı hissləri keçirirsən?

 

- Ən yüksək nəticəni topladığıma görə çox sevincliyəm. Ən başda valideynlərim və müəllimlərim olmaqla ətrafımda mənə dəstək olan hər kəsin ümidlərini doğrultduğuma görə çox xoşbəxtəm. 

 

- İmtahanda ən çox hansı fənnin suallarında çətinlik yaşadın?

 

- Məncə, imtahan elə də çətin deyildi. Əsas ingilis dili və riyaziyyat asan idi, Azərbaycan dili fənnindən açıq suallar və mətn tapşırıqları mənə bir az çətin gəldi.

 

- Buraxılış imtahanında əldə etdiyin nəticə təkcə öz əməyinin bəhrəsidir, yoxsa repetitorla hazırlaşmışdın?

 

- Təbii ki, imtahan hazırlığımda sinif müəllimlərimin əməyi danılmazdır. 

 

- Hansısa ixtisas qrupu seçmisən?

 

- Bəli, III qrup üzrə hazırlaşıram, hüquq ixtisasında təhsil almaq istəyirəm.

 

 - Yaşıdlarına tövsiyələrin nələrdir?

 

- Ən birincisi, hər kəsin bir hədəfi olmalı və bu amal uğrunda çalışmalıdır. Xüsusilə bu yolda dərslərə böyük önəm verilməlidir. Eyni zamanda, şagirdlər istirahətə də mütləq vaxt ayırmalıdırlar.