Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-01 10:27:00
Bakıda təhsil alan xarici tələbə: “Yaxşı ki, Azərbaycana gəlmişəm” - MÜSAHİBƏ

Bir çox ölkələrdə xaricdə təhsil almaq prestij sayılır. Xaricdə təhsil almaq üçün hər kəsin müəyyən səbəbləri və hədəfləri var. Bəziləri xaricdə təhsilin daha yüksək səviyyədə təşkil olduğuna inanır, digərləri bunun karyera qurmağa kömək edəcəyini düşünür, başqaları həm də mühitin ona müsbət enerji verəcəyinə ümid edir. Amma səbəb nə olursa olsun, xaricdə təhsil almaq istəyənlərin sayı artır.



Azərbaycanlı gənclər təhsil üçün xaricə getdiyi kimi, əcnəbilər də bizim ölkəyə gəlirlər.

Elm və Təhsil Nazirliyinin məlumatına görə, 2022-2023-cü tədris ilində Azərbaycan universitetlərində 110 ölkədən 9000-ə yaxın xarici vətəndaş təhsil alır.



AzEdu.az saytı Azərbaycanda təhsil alan əcnəbi tələbələrlə silsilə müsahibələr təqdim edir.

 

Növbəti müsahibimiz Türkiyə vətəndaşıdır. Hazırda Azərbaycan Tibb Universitetinin (ATU) I Müalicə-profilatika fakültəsində bakalavr təhsili alan 3-cü kurs tələbəsi Muhammed Hakan ilə söhbəti təqdim edirik.

 

- Muhammed bəy, Türkiyənin hansı bölgəsində yaşayırdınız?

 

- Türkiyədə İstanbul şəhərində yaşamışam.

 

- Bakıda tək yaşayırsız?

 

- Xeyr, hazırda tək yaşamıram. Universitetin 8 tələbəsi ilə eyni evdə qalıram.

 

- Xaricdə təhsil almaq qərarınız necə yarandı?

 

- Azərbaycan mənə maraqlı gəlirdi. Bu səbəbdən gəlib görmək istəyirdim. Ali məktəb seçimi zamanı gəldikdə isə Azərbaycan Tibb Universitetində təhsil haqqının daha ucuz olduğunu gördüm və düşünmədən buranı seçmək qərarına gəldim.

 

- Yaşadığınız yer və universitet haqqında nə deyə bilərsiniz?

 

- Bakının çox gözəl şəhər olduğunu düşünürəm. Sakit və mühafizə olunan bir yerdir. Universitetlərimizin çox gözəl korpusları var.

 Açıklama yok.

 

- Necə oldu ki, bu peşəni seçmək qərarı verdiniz?

 

- Həkimlik peşəsini çox istədiyim üçün çətin və ya asan olacağını düşünmədən onu seçmək qərarına gəldim. İnsanlarla ünsiyyət qurmağı çox sevirəm. Gələcəkdə tibb sahəsində insanlara çox gözəl xidmət edəcəyimdən heç şübhəm yoxdur. Azərbaycan Tibb Universiteti köklü təhsil ocağıdır.
Vaxtilə bu fakültə Bakı Dövlət Universitetində ikən dünya sıralamasında ilk 1000-in içində yer alıb. Eyni uğuru yeni məkanında da göstərəcəyinə əminəm, sadəcə olaraq bunun üçün biraz zaman lazımdır.

 

- Burdakı tələbəlik həyatınızda çətinlikləriniz olurmu?

 

- Bəli, müəyyən çətinliklər olub. "ASAN xidmət"in hər il yeniləməyimizi istədiyi sənədlər var. Mənə müvəqqəti yaşama icazəsi verilir və bu, hər il yenilənir. Yeni 2 illik kartlar istəyə görə verilməyə başlanıb. Çox gözəl, lakin bu sənədin Türkiyədə olduğu kimi, neçə il təhsil alarıqsa, o müddət üçün bir dəfə verilməsini istəyərdim. Bu sənədləri hazırlamaq, hər dəfə həmin sənədlər üçün xərcləri qarşılamaq tələbəyə çətindir. Universitetdə dekanlığımız tələbələrin problemləri ilə marağlanır, bu çox gözəldir. Amma maddi olaraq dollar valyutasına bağlı olan biz xarici tələbələr universitet ödənişini etməkdə problem yaşayır. Qrup nümayəndəsi olduğum üçün onların yerinə bir neçə dəfə müraciət etdim, amma təəssüf ki, nəticəsi olmadı. Ayrıca, xarici tələbələr üçündə ilsonu ballarına bağlı olaraq təqaüd proqramı yaratsalar, daha gözəl olardı.

 

- Xaricdə təhsil alan tələbələrin çoxu sonradan oxuduğu ölkələrdə qalıb geri dönmək istəmirlər. Bəs siz universiteti bitirdikdən sonra geri dönmək istəyirsinizmi?

 

- Bir neçə il sonra Türkiyəyə qayıtmağı düşünürəm. Lakin, müəyyən vaxt ərzində Azərbaycana gəlib burda qalmağı da planlayıram. Bakının sakitliyi abu-havası cəzbedicidir.

 

Açıklama yok.

 

- Sizcə, Azərbaycanda təhsil almağın üstünlükləri nələrdir?

 

- Mən Türkiyə vətəndaşıyam, iki qardaş ölkəyik. Bu səbəbdən Bakıda qazandığım uğurlar, imtahanlar, diplom, sertifikatlar Türkiyədə keçərli olacaq. Yaxşı ki, Azərbaycana gəlmişəm. Artıq burdayam və eyni dildə danışıram. Azərbaycan Tibb Universiteti ödənişsiz olsaydı, burada qalıb ixtisaslaşmaq istərdim.

 

- Boş vaxtlarınızı necə keçirisiniz? Hansı işlərlə məşğul olmağı sevirsiniz?



- Boş vaxtlarımı "Aralıq dənizi qızdırması - Akdəniz qızdırması" xəstəliyi ilə bağlı iş üzərində çalışıram. Bu yaxınlarda universitetimizin tələbə elmi cəmiyyətində bu xəstəlik haqqında çıxış etdim və 1-ci oldum. Yenə bu xəstəlik haqqında universitetimizdə təşkil olunan beynəlxalq konqresdə çıxış etdim. SMA haqqındada araşdırmalar aparmaq istəyirəm. 

- Gələcək işinizi necə qurmağı düşünürsünüz?

 

- Azərbaycan və Türkiyə elminə hər keçən gün töhfə verməyi düşünürəm. Eyni zamanda, peşəm üzrə yaxşı bir həkim olmağı hədəfləyirəm.

 

Açıklama yok.