Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-16 12:30:23
Ədəbiyyat İnstitutu cümhuriyyətlə bağlı nə edib?

“AXC-nin və 31 mart soyqırımının yüzilliyi ilə əlaqədar bir sıra işlər görülüb. Artıq mart ayının 13-də “Soyqırımında deportasiyaların bədii ədəbiyyatda əksi” adlı elmi sessiya keçirdik.

İndi isə aprel ayında baş tutacaq “Azərbaycan Xalq Cümhuriyyəti və ədəbiyyatı” elmi konfransına hazırlaşırıq.

Bundan başqa, Alxan Bayramoğlunun müəllifliyi ilə “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədəbiyyat” adlı monoqrafiya çapa hazırlanır”.

Bu sözləri AzEdu.az saytına açıqlamasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırova deyib.

Xatırladaq ki, ötən gün millət vəkili Fazil Mustafa AMEA-nın humanitar institutlarının Azərbaycan Cümhuriyyətinin yüzillik yubileyi və Mart soyqırımının ildönümü ilə bağlı daha çox iş görmək imkanlarının olduğunu, əvəzində isə, az iş görüldüyünü bildirib:

p191q1j9ho141kjmloaa1g35iu64.jpg

“Akademiya erməni soyqırımı ilə bağlı da böyük işlər görməliydi. Nəzərə alsaq ki, artıq soyqırımının 100 illiyinə 10 gün qalıb, deməli, bu imkanı əldən veriblər. Ən azından, təbliğat nöqteyi-nəzərdən qalıcı tədbirlərə imza atmaq olardı. Məsələn, yaddaşlara həkk olunmaq üçün filmlər, kitablar mütləq ərsəyə gəlməli idi. Yubileylərlə bağlı cəmi bir günlük təşkil olunacaq müəyyən ziyafətlər, konfranslar unudulub gedəcək.

Ölkə prezidenti bu sahədə lazımi işlərin görülməsi ilə bağlı sərəncam verərək üzərinə düşəni edib. Əgər yerinə yetirilmirsə, bunun başqa açıqlaması yoxdur”.

AMEA-nın Ədəbiyyat İnstitutunun elmi katibi isə bu istiqamətdə görülən işlərdən danışarkən, yuxarıdakı faktları sadalayıb, həmçinin, əməkdaşların ayrı-ayrı elmi məqalələr yazdığını qeyd edib:

“İnstitutun əməkdaşları da yüzilliklərlə əlaqədar keçirilən bütün tədbirlərdə iştirak edib, dövri mətbuatda məruzə və məqalələrlə çıxış edirlər”.

Qeyd edək ki, 2018-ci il martın 31-də azərbaycanlıların soyqırımı, mayın 28-də isə müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur.

Bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncam imzalayıb. Sərəncamda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin respublikada dövlət səviyyəsində geniş təşkil olunması qeyd edilib.

Nəzrin Cavid