Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-27 08:50:42
“Savadlı kadr öz ölkəsinə xidmət etməlidir” - Dekan müavini seçilən TƏLƏBƏ

Bu günlərdə Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullanın əmri ilə Təhsil-2 fakültəsinin 3-cü kurs tələbəsi Jalə Eyvazova oxuduğu fakültənin dekan müavini təyin olunub.


O, 1-ci kursdan ADU-nun ictimai həyatında xüsusi fəallığı ilə seçilən tələbələrdən biridir.


Qeyd edək ki, AzEdu.az portalının universitetlərlə birgə hazırladığl "Brend tələbə"lər siyahısında Jalə Eyvazovanın da adı var.


Jalə Eyvazova AzEdu.az
-a müsahibəsində dekan müavini təyin olunması ilə bağlı təəssüratlarını bölüşüb və gələcək hədəfləri barədə danışıb.

 

- Jalə xanım, dekan müavini təyin olunmağı gözləyirdinizmi, bunu necə qarşıladınız?

 

- Düzünü desəm, dekan müavini olmağı heç gözləmirdim. Bu rəhbərliyin uzun çəkən müşahidələri və ani qərarı əsasında oldu. Ümumiyyətlə, sözügedən proses universitetimizdə həyata keçirilən bir proyektdir. Bildirmişdilər ki, aktiv, akademik göstəriciləri yüksək, sosial olan tələbələrə belə bir etimad göstəriləcək və onlar təhsil aldıqları fakültələrdə ictimai əsaslarla sosial məsələlər üzrə dekan müavini təyin olunacaqlar. Digər fakültələrdə, eləcə də bizim fakültədə əlavə iki dekan müavini olan müəllim var. Onlar müəyyən elmi dərəcəyə malik, dekan müavinliyi üçün tələb olunan bütün təcrübəyə uyğun gələn şəxslərdir.
Onların və digər rəhbərlik işçilərinin köməyi ilə mən də öz işimi həyata keçirirəm və tələbə olduğum üçün öz yaşıdlarımla daha rahat əlaqə qururam. Rəhbərliyin yeritdiyi əsas siyasət də elə budur. Belə bir etimadın göstərilməsi məni çox sevindirdi. Bu təyinat tələbə olaraq mənim üçün yaxşı bir motivasiya oldu. Düşünürəm ki, bunun gələcək karyeramın qurulmasında və təcrübə toplamaqda çox böyük rolu olacaq.

 

- Bu xəbərə müəllimlərinizin, yaxınlarınızın və ailənizin reaksiyası necə oldu ?

 

- Müəllimlərim və yaxınlarım bu uğuruma çox sevindilər. Hər biri mənimlə qürur duydu, yanımda olub dəstək verdilər. Hamı məni səmimi qəlbdən təbrik etdi.


- Rəhbərlik hansı xüsusiyyətlərinizə görə sizi bu vəzifəyə təyin etdi?

 

- Dekan müavini seçilməyimdə əsas nüanslardan biri səlist nitqə sahib olmağımdır. Mən məktəb vaxtlarından respublika üzrə nitq yarışlarının qalibi olmuşam. Hətta buna görə Yeni Azərbaycan Partiyasından təqaüd alıram. YAP təqaüdcüsüyəm. Akademik göstəricilərim universitetə qəbul olunduğum ildən çox yüksəkdir, əlaçı tələbəyəm. İngilis dili səviyyəm yüksəkdir və dediyim kimi, universitetin ictimai həyatında olduqca aktiv fəaliyyət göstərirəm. Universitetimizi müəyyən tədbirlərdə, ictimai görüşlərdə təmsil etmişəm. Və bu da yüksək qiymətləndirilib. Təkcə universitet yox , universitetdən kənar qurumlarda da aktivliyim bəyənilib.

 

- Məlumdur ki, dekan müavini vəzifəsi məsulliyyətli işdir. Həm dərslərin, həm də bu işin öhdəsindən gəlmək sizin üçün çətin olmayacaq ki? Dərslərdə iştirak etməyə vaxtınız qalacaq?

 

- Biz bu işə təyin edilərkən dərslərimizi nizamlayırıq. Mən birinci növbədə dərsə gəlirəm. Saat 13-ə qədər tələbə yoldaşlarımla auditoriyada dərsdə otururam. Saat 13-dən 17-yə, bəzən isə 18-ə qədər mənim üçün ayrılan otağımda oturub öz işlərimi həll edirəm. Bu fəaliyyətim dərslərimə heç bir maneçilik törətmir. Rəhbərlik bu proyektə başlayanda ən böyük diqqət yetirdikləri məqam mənim dərslərimə, davamiyyətimə heç bir mənfi təsirin yaranmaması idi. Həm dərsi, həm də bu işi normal səviyyədə aparmaq hazırda mümkündür.

 

- Dekan müavini kimi əsas işləriniz nədən ibarətdir?

 

- Dekan müavini kimi əsas fəaliyyətim, sosial məsələlər və tələbələrlə işdir. Yəni tələbələrin tədbirlərə yönləndirilməsi, onların dinlənilməsidir. Bəzən olur ki, yaş fərqinə görə tələbələr dekanlıq işçilərinə nəsə deməyə çəkinir. Əsasən də 1-ci kurslar. Amma mən özüm də tələbəyəm deyə, onlar problemlərini deməkdə özlərini rahat hiss edirlər. Hətta mən təyin olunduqdan sonra çox sayda tələbə deyə bilmədikləri sözləri gəlib mənimlə bölüşürdülər. Biz isə bu problemlərin həlli istiqamətində müəyyən işlər görmüşük.

 

No description available.

- Universiteti bitirdikdən sonra da dekan müavini kimi çalışmağı istəyirsiniz, yoxsa başqa sahədə fəaliyyətinizə davam etməyi düşünürsünüz?

 

- Universiteti bitirdikdən sonra dekan müavini kimi çalışmaq kimi bir fikrim yoxdur. Çünki  xaricdə magistraturaya qəbul olunmağı düşünürəm. Bu istiqamətdə hazırlaşıram və gələcək hədəflərimi bunun üzərində qurmuşam. Ən böyük hədəfim isə Prezident Administrasiyasının əməkdaşı olmaqdır. Bu sahədə və yaxud idarəetmə sahəsində öz təhsilimi və biliklərimi təkmilləşdirmək istəyirəm. Sonra isə xaricdən qayıdıb öz ölkəmdə peşəkar bir kadr kimi fəaliyyət göstərmək planım var.

 

- Ümumilikdə gələcək hədəfləriniz nələrdir? Özünüzü gələcək rektor kimi təsəvvür edirsiniz?

 

- Bəlkə də gələcəkdə rektor ola bilərəm. Amma yaxın gələcəkdə deyil. Düzünü desəm, hədəflərimdə təhsil sahəsində rəhbər vəzifəsi yoxdur. Daha çox idarəetmə və insanlarla əlaqələr üzrə olan sahələrə meyilliyəm. Ona görə də, indiki vəzifəm tələbələrlə kommunikasiya, ictimai işlər olduğu üçün mənə daha çox yaxındır.

 

- Yəqin ki, hansısa xarici dili yaxşı bilirsiniz. Xaricdən sizə sərfəli iş təklifi gəlsə, buna reaksiyanız necə olar?

 

- İngilis dilini yaxşı bilirəm və xaricdən mənə iş təklifi gəlsə, hazırda bu barədə düşünmürəm. Bu həmin ana və situasiyaya bağlıdır. Əslinə qalsa, mən fikirləşirəm ki, savadlı kadr yalnız öz ölkəsinə xidmət etməlidir.

 

- Öz sahəsində uğur qazanmaq istəyən həmyaşıdlarınıza nə tövsiyə etmək istəyərdiniz?

 

- Tənqidlər, mənfi fikirlər, haqqınızda hər şeyi bilməyən insanların fikirləri sizi motivasiyadan düşürməsin. Öz ayaqlarınız üzərində durmağı bacarmağı və buna çalışmağı da tövsiyə edirəm. Həmçinin, dərslərinizi yaxşı oxuyun, xarici dil biliklərinə yiyələnin. Təkcə dərslərlə kifayətlənməyin. Öz ayaqlarınızın üstündə durmağınızı da tövsiyə edirəm. Çünki bu, insana özgüvən, motivasiya və daha uğurlu olmaq üçün yol açır. Müəyyən iş mühitinə düşdükdən sonra, müxtəlif insanlar tanıyırsan və təcrübələr qazanırsan. Və bu, bizim gələcəyimiz üçün çox önəmli bir yer tutur.