Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-16 16:45:55
Tehranda itkin düşən tələbəmizin ailəsi İranın birinci xanımına MÜRACİƏT EDƏCƏK

İran İslam Respublikasında itkin düşən azərbaycanlı tələbə Fərid Səfərlinin yaxınları Prezident İbrahim Rəisinin həyat yoldaşı, ölkənin birinci ledisi Cəmilə Ələmolhodaya (Jamileh Alamolhoda) müraciət edəcək.

AzEdu.az saytı bu barədə itkin tələbənin yaxınlarından məlumat alıb.

İranın birinci xanımı hazırda Şəhid Beheşti adına Tehran Universitetinin dosentidir. 

Fərid Səfərlinin ailəsi  martın 4-dən bəri ondan məlumat ala bilmir. Ailə hesab edir ki, İranın birinci xanımı məsələyə müdaxilə edərsə, Fərid Səfərli barədə Azərbaycan tərəfinə məlumat verilə bilər.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) itkin tələbə ilə bağlı ötən həftə İrana verdiyi nota da hələ ki cavablandırılmayıb.

Almaniyanın Yena Universitetinin tələbəsi, 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli fevralın 20-də İrana səfər edib.

Fərid Səfərli onunla eyni universitetdə təcrübə keçmiş milliyətcə fars olan qızı görmək üçün Tehran şəhərinə gedib. Onun həmin qızı sevdiyi bildirilir.

Məlumatlara görə, martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib.

O, martın 4-də Tehran-İstanbul-Berlin reysi ilə Almaniyaya dönməliymiş, lakin həmin gündən indiyə kimi onunla əlaqə saxlamaq mümkün olmayıb.

Ehtimal edilir ki, Fərid Səfərli İranda saxlanılıb.