Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-16 10:03:00
Dünyanın nüfuzlu universitetinə qəbul olunan Dəniz Səttarlı: “Özüm-özümə inana bilmədim”

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 11-ci sinif şagirdi, 16 yaşlı Dəniz Səttarlı tam təqaüdlə dünyanın ən yaxşı universitetlərindən sayılan Amerikanın Massaçusets Texnologiya İnstitutuna (Massachusetts Institute of Technology -MIT) qəbul olunub.

 

Azərbaycanda ilkə imza atan gənc qız AzEdu.az-a müsahibəsində uğurunun sirlərini bölüşüb:

 

- Dəniz, dünyanın ən yaxşı universitetlərindən birinə qəbul olduğunu eşidəndə hansı hisslər keçirdin?

- Amerikanın Massaçusets Texnoligiya İnstitutu dünyanın ən öndə gedən universitetlərindən biridir və bu ali məktəbə daxil olmaq nisbətən çətindir. Buna görə də MIT seçimdə ən az ümidli olduğum universitet idi. Bu universitetə qəbul olunduğum barədə xəbəri almaq məndə tamam başqa bir reaksiya oyatdı. Özüm-özümə inana bilmədim ki, bu necə oldu... Yuxu kimi gəlirdi... Amma xəbəri eşitdikdən bir qədər sonra bunu qəbul etməli oldu. İçimdə böyük həyəcan və sevinc hissi doğdu. Valideynlərim də bunu xoşbəxtliklə qarşıladılar. Hətta bu xəbəri zəng edib nənəmə deyəndə, o da sevinc göz yaşlarından ağladı.

 

- Bu uğuru qazanmaq üçün nə etmək lazımdır?

- Təhsildə uğur qazanmaq və xaricdə öndə gedən universitetlərə qəbul olunmaq üçün ilk növbədə cəsarətlilik lazımdır. Yeni addımlar atmaq və təcrübələr qazanmaqdan qaçmamaq şərtdir. Yalnız bu şəkildə öz potensialımızı kəşf edə bilərik. Bundan sonra isə vaxtımızı planlı şəkildə bölmək və hədəflərimizi düzgün müəyyənləşdirmək önəmlidir. Bunun üçün müxtəlif fəaliyyətlər, təcrübələr, o cümlədən test nəticələri toplanmalıdır ki, bunlar hamısı üst-üstə gələndə universitetlərdən müsbət cavablar ala bilək.

  

- Dərs oxuyarkən vaxtınızı necə bölürdünüz?

- Dərs oxuyarkən daha önəmli dərsləri və imtahanlara çox vaxt ayırıb, birinci onları oxuyurdum. Daha az əhəmiyyət daşıyanları isə ikinci plana atırdım. Hər zaman bu texnikanı tədbiq edirəm ki, daha yaxşı nəticə göstərə bilim. Hazırda önümdə bir imtahan varsa, ona yaxşı şəkildə fokuslanıram, ondan sonra isə digərinə və başqasına... Bu halda uğura çatmaq daha asan başa gəlir. Düşünürəm ki, intizam önəmlidir.

 

- Özünü hansısa məşğuliyyətlərdən məhdudlaşdırmışdın?


- Məsuliyyətli olmaq və vaxtımızı faydalı keçirmək uğur qazanmaq üçün çox vacibdir. Amma dincəlmək və istirahət etmək də bizim sağlamlığımız üçün lazımlı nüansdır. Biz dincəlməsək və beynimizi daim yorsaq, dərs oxuyarkən effektivliyimiz də aşağı düşür. Buna görə boş vaxtlarımda musiqi dinləmək, kitab oxumaq və s. kimi məşğuliyyətlər ilə vaxtımı səmərəli keçirirdim.

 

Qeyd edək ki, Massaçusets Texnologiya İnstitutuna birbaşa qəbul olunan digər şagirdimiz Bakı şəhərindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fidan Qarayevadır.  

Fidan Qarayeva riyaziyyat fənni üzrə, Dəniz Səttarlı isə kimya fənni üzrə dəfələrlə beynəlxalq və respublika olimpiadalarının qalibi olub.