Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-19 11:42:29
Peşə təhsili ilə bağlı nəyi bilmirik? – İxtisas seçimi və qəbul necə aparılır?

AzEdu.az  təhsil sahəsi ilə bağlı daim müxtəlif suallarla qarşılaşır. Bu suallar  valideyn, şagird, tələbə və müəllimlər tərəfindən verilir.

Bununla bağlı AzEdu.az yeni “Nəyi bilmirik?” rubrikasına başlayır. Rubrika çərçivəsində təhsillə bağlı olan müxtəlif metodiki, hüquqi, interraktiv və digər məsələlərə aid bilmədiyimiz detalları  bölüşəcək.

Sualların, aydın olmayan tərəflərinin çoxluğunu nəzərə alaraq, ilk öyrənməli olacaqlarımız peşə təhsili ilə bağlıdır.

Peşə təhsili almaq istəyənlər həmin müəssisələrə IX və ya XI sinfi bitirməsi haqqında sənədlə müraciət edə bilərlər.Dövlət peşə təhsili müəssisələrinə ərizə qəbulu  "ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində ödənişsiz formada həyata keçirilir. Ərizə qəbulu üçün şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənəd (şəhadətnamə və ya attestat) tələb olunur.

Qeyd: “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə dövlət peşə təhsili müəssisələrinə sənəd vermək istəyənlər istənilən “ASAN xidmət”ə və müvafiq təhsil  müəssisələrinə müraciət edə bilərlər.

İxtisas seçimi

Peşə təhsili müəssisələrinə sənəd qəbulu prosesində vətəndaşlar 10 ixtisas seçə bilərlər. Müraciət edənlərin sərbəst seçimi əsasında dövlət peşə təhsili müəssisələri, onların ixtisasları müəyyən edilir və istədikləri ardıcıllıqla təsdiqlənir. Qəbul şəhadətnamə və ya attestat üzrə müvafiq fənlərin orta balı nəzərə alınmaqla həyata keçirilir.

Hər kəsə maraqlı olan məqam-imtahanlar necə keçirilir?

Peşə məktəblərində  1, 2 və 3 illik təhsil mövcuddur. IX sinifdən qəbul zamanı 2 il orta məktəb, 1 il də ixtisas təhsili olmaqla. ümumilikdə 3 il müddətində təhsil alırlar. XI sinifdən qəbul zamanı isə ixtisas üzrə təhsil 1 və ya 2 illik ola bilər. Bu zaman orta məktəb təhsili verilmir.

Semestr imtahanları

Peşə məktəblərində universitetlərdəki qaydalar əsaasında ildə 2 dəfə sessiya imtahanları keçirilir. Bu imtahanlar  qış və yay sessiyalarına bölünür. İmtahanlar bilet çəkməklə yazılı formada həyata keçirilir. İmtahanda fənnin mövzusuna əsasən, 3, ya da 5 sual ola bilər. İmtahanlar həm ixtisas, həm də ümumi fənlər üzrə keçirilir. Qeyd edək ki, ingilis dilindən də imtahan ola bilər. Təhsil alanlar  bir semestrdə ümumilikdə, 3 imtahan verirlər. Qiymətləndirmə isə 5 ballıq şkala ilə aparılır.Təhsil müddətində imtahandan kəsilənlər həmin fənn üzrə növbəti il eyni vaxtda dərslərə girirlər və yenidən imtahan verirlər. Kursda qaldıqları halda əlavə dərs keçirilir və növbəti imtahana hazırlaşırlar. Yayda  isə buraxılış imtahanları həyata keçirilir.

Qeyd edək ki, sessiyalarda qabiliyyət imtahanları  olmur. Sadəcə Neft-qazla bağlı ixtisaslara qəbul zamanı sağlamlıq haqqında arayış tələb olunur.