Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-07 12:08:00
Ombudsman Milli Məclisdə məktəblərlə bağlı təkliflər VERDİ

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin bu gün keçirilən iclasında bir sıra təkliflərlə çıxış edib.

 

AzEdu.az xəbər verir ki, illik məruzəni təqdim edən S.Əliyeva orta məktəblərdə şagird sayına uyğun müəyyən edilən mövcud psixoloq ştatlarının artırılması, peşəkar və ixtisaslaşmış psixoloqların cəlb edilməsi təklifini irəli sürüb.

 

"Təhsil hüququnun təmin edilməsinin mühüm elementi kimi orta məktəb şagirdlərinə verilən əsas tədris vəsaitləri ilə yanaşı, tədris proqramının ayrılmaz tərkib hissəsi olan əlavə tədris vəsaitlərinin də dövlət büdcəsi hesabına maliyyələşdirilməsi, peşəkar və ixtisaslaşmış psixoloqlar cəlb edilməklə məktəblərdə psixoloq ştatlarının artırılması, müəllim-şagird münasibətlərində, pedaqoji heyət daxilində yarana biləcək mübahisələrin effektiv həlli məqsədilə təhsil sistemində mediasiya institutunun bu və ya digər müsbət beynəlxalq təcrübənin öyrənilərək tətbiq olunmasına ehtiyac vardır".

 

S.Əliyeva orta məktəblərdə davamiyyət probleminin səbəblərindən də söz açıb:

 

"Respublikanın bir sıra bölgələrində havaların daha tez soyuması nəticəsində məktəblərin isidilməsində yaranan problemlər şagirdlərin səhhətinə neqativ təsir göstərməklə yanaşı, davamiyyətin aşağı düşməsinə səbəb olur ki, bu da təhsil hüququnun səmərəli təmin olunmasına imkan vermir.

 

Odur ki, həmin təhsil müəssisələrində qış mövsümünə keçidin müəyyən edilmiş tarixlər üzrə deyil, hava şəraitinə uyğun tətbiq olunması ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi daha məqsədəmüvafiqdir".