Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-07 11:40:00
Valideyn komitələrinin işi ancaq pul yığmaqdır?..

Bu gün demək olar ki, bütün məktəblərdə Valideyn komitələri fəaliyyət göstərir. Amma bu komitələrin işinə birmənalı münasibət yoxdur. Çoxlarının fikrincə, Valideyn komitələrinin işi bayramlarda pul yığmaqla məhdudlaşır. Bu komitələrin hansısa digər müsbət təşəbbüslərlə çıxış etmədiyi barədə fikirlər mövcuddur.

Bəs təhsil ekspertləri nə düşünür? Valideyn komitələri öz üzərinə düşən vəzifəni düzgün yerinə yetirə bilirmi?

 

Təhsil eksperti Elçin Əfəndi AzEdu.az-a açıqlamasında məsələyə öz münasibətini bildirib:

 

"Hazırda Valideyn komitələrinin fəaliyyəti yalnız sinif rəhbərindən, yaxud müvafiq olaraq aşağı təhsil pilləsində ibtidai sinif müəlliminin, çatdırıb edə bilmədiyi işlərin həllinə kömək məqsədi daşıyır. Təəssüf ki, bunun daxilində pul yığma hadisələri də bəzən həmin komitə rəhbərlərinin əli ilə baş verir. Bu səbəbdən Valideyn komitələrinin olmamamsı daha yaxşıdır. Düzdür, məktəb valideynlə birgə işləməli, mütəmadi onunla əlqədə olmalıdır. Amma bunu hansısa sistem adı altında formalaşdırmaq düşünürəm ki, düzgün deyil".

 

Təhsil eksperti Elnur Hacıyev bildirib ki, məktəb və valideyn arasında düzgün əlaqə olarasa, tədrisin keyfiyyəti müsbət yöndə dəyişə bilər:

 

"Valideyn komitələri məktəblərdə müxtəlif formalarda fəaliyyətini davam etdirir. Valideynlər məktəbin mühüm tərkib hissəsi hesab edilir. Məktəb icmasında valideynin fikri, məktəb barədə veriləcək qərarlarda mütləq şəkildə nəzərə alınmalıdır. Çanki valideyn şagirdin real təmsilçisidir. Şagird azyaşlı olduğu üçün, verilən qərarı ondan soruşmaq doğru olmaz.

Real vəziyyət ondan ibarətdir ki, ibtidai sinifdə valideynlər məktəblə mütəmadi olaraq əlaqə saxlayır. Artıq şagird yuxarı siniflərdə təhsil aldıqda valideynlərin məktəblə əlaqələri zəifləməyə başlayır. Bu da özünü şagirdin inkişafında yaxşı olmayan mənada dəyişir. Məktəb-valideyn arasında düzgün əlaqə olarsa, tədrisin keyfiyyəti düzgün qurula bilər.

Təəssüf ki, bu komitələr tərəfindən bəzən pul yığımı kimi hallar müşahidə olunur. Hər bir Valideyn komitəsinin məqsədi konkret olmalıdır. Burada neqativ hallar, yaxud digər məsələlər müzakirə olunmamamlıdır. Valideyn komitəsi yaradılırsa, bunun əsasnaməsi olmalıdır. Əsasnamədə komitənin vəzifələri dəqiq müəyyən olunmalı, qeydlər aparılmalıdır ki, digər məsələlər, pul yığımı, hansısa qeyri-qanuni bir işin görülməsi kimi hallara yol verilməməlidir. Komitə yaradılarkən onun təyinatı düzgün olmalıdır. Məktəb rəhbərliyi tərəfindən bu komitələrə nəzarət olunmalıdır ki, onlar müəyyən olunan məqsədlərdən kənar bir iş görməsinlər".