Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-22 13:06:00
Yeni yaradılmış Dini təhsil şöbəsindən nələr gözlənilir...

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsində Dini təhsil şöbəsinin yaradılması və bu şöbəyə yetərincə tanınmış ilahiyyatçı Elnarə Kərimovanın rəhbər təyin olunması bizim oxucularımız tərəfindən də maraqla qarşılanıb. Bu səbəbsiz deyil. Çünki AzEdu.az təhsil portalı olaraq təhsil məsələləri həmişə bizim diqqət mərkəzimizdədir.

Dini təhsillə bağlı  dəfələrlə öz narahatlığımız ifadə etmişik, ali və və orta təhsil məktəblərində dini təhsillə bağlı müzakirələr aparmışıq. Bu sahədə mövcud olan problemlər yetərincədir və yeni yaradılmış şöbənin dini təhsillə bağlı  əməli addımlar atacağını düşünürük.

Dini Qurumlarla İş  üzrə Dövlət Komitəsində yaradılan yeni şöbə və vətəndaşlarımızın dini təhsili ilə bağlı məsələləri təhsil üzrə ekspert, Bakı Dövlət Universitetinin dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimovla müzakirə etdik. Əlimusa müəllimin açıqlamasını təqdim edirik: 

- Fürsətdən istifadə edərək Elnarə xanımı yeni yaradılan şöbəyə müdir təyin edilməsi münasibəti ilə təbrik etmək istərdim. Elanrə xanımı bir ilahiyyatçı kimi uzun müddətdir tanıyırıq və onun Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində apardığı iş diqqət mərkəzindədir. Əslinə baxanda, Dini Komitə dini təhsillə elə yarandığı gündən məşğul olur. Sadəcə, bu fəaliyyəti şöbə yaratmaqla daha genişləndirmək  lazım idi. Elnarə xanımı da dini qurumların keçirdiyi müxtəlif tədbirlər və onun mətbuatdakı imzasından tanıyırıq. Ümid edirik ki, şöbənin yaranması və Elnarə Kərimovanın təyinatı dini təhsil sahəsində yığılıb qalmış problemlərin həll olunmasında əməli yardım edəcək. 

Həqiqətən dini təhsillə bağlı olduqca ciddi problemlərimiz var. Bu nöqsanların mövcudluğunu elə ilk müsahibəsində Elnarə Kərimova da açıqlayıb. Səbəbləri də göstərib. Təbii ki, şərait imkan verdiyi səviyyədə.

Mən dini təhsil şöbəsinin yaradılmasını ciddi addım kimi qiymətləndirirəm. Hesab edirəm ki, bundan sonra artıq xarici mərkəzlərdə hazırlanan mollaların ümidinə qalmayacağıq. Gəlin yenicə təyin olunmuş şöbə müdirini nöqsanlardan danışıb qorxutmayaq. Bunsuz da Elnarə xanımın  nöqsanlarla bağlı yetərincə məlumatı var. Elnarə xanımım bir qədər fəaliyyət göstərməsinə şərait yaransın, sonra isə nöqsanları göstərib görülən işlər barədə soruşacağıq. 

Bizim Azərbaycan qanunlarına hörmətlə yanaşan, respublikamızdakı təhsil müəssisəsini  bitirən, dövlətimizin yeritdiyi daxili və xarici kursu dəstəkləyən, var-dövlətimizi zəkat və xumus adı altında toplayıb xarici ölkələrə göndərməyən din xadimlərinə ehtiyacımız var. Düşünürəm ki, qısa müddətdə bu sahədə dönüş yaranacaq.