Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-16 14:03:00
Azərbaycanlı tələbələr Fransada hamını təəccübləndirdi

Azərbaycan- Fransız Universitetinin (UFAZ) tələbələrindən ibarət NEXUS komandası Fransanın Kann şəhərində keçirilən ActInSpace Kosmik texnologiyalar üzrə hekatonun Beynəlxalıq finalında qalib gəlib.

 

 

AzEdu.az-a açıqlama verən Fransa-Azərbaycan Universitetinin PR şöbəsinin müdiri Kamil Piriyev tələbələrimizin böyük uğuru haqqında danışıb.


Qeyd edib ki, tələbələrimizin təklif etdiyi layihə enerji səmərəliliyi baxımından və ekoloji əhəmiyyətli bir yenilikdir.  

 

“5 tələbəmiz (2 nəfər neft-qaz mühəndisliyi, 2 nəfər kimya mühəndisliyi və 1 nəfər geofizika mühəndisliyi) Fransada qazandığı bu uğuru ilə ölkəmizi qürurlandırıb. Tələbələr ötən ilin noyabrında UFAZ-ın təşkil etdiyi ActInSpace Azərbaycan yarışmasının qalibi olaraq bu yarışa qatılıblar.

 

Qeyd edək ki, ActİnSpace 2014-cü ildən Fransanın Milli Kosmik Araşdırmalar mərkəzi (CNES) və Avropa Kosmik Agentliyinin (ESA) təşkil etdiyi və iki ildən bir keçirilən beynəlxalq yarışdır. 2018-ci ildən Azərbaycanda bu yarışın rəsmi təşkilatçısı UFAZ-dır.

 

Bu il tələbələrimiz belə gözəl nəticə əldə edib. Onların təklif etdiyi layihə təyyarələrin sərf etdiyi yanacağın enerji səmərəliliyi və buraxdığı karbon emissiyasının 50% azaldılması ilə bağlı olub.

 

Layihə Avropa İttifaqının Kosmik Proqramlar Agentliyinin xüsusi mükafatını və yarışın Qran-prisini əldə edib. Komandaya UFAZ-ın kompüter elmləri üzrə elmi eksperti, professor Pierre Collet və biznes menecment üzrə müəllimi Cəsur Həsənov kouçluq edib.

Komanda bu gün Vətənə qayıdır. 

 

Yarışın Azərbaycanda keçirilməsində Azerkosmos əsas tərəfdaş olub". 

 

Qeyd edək ki, Fransa Milli Kosmik Araşdlrmalar Agentliyi yarışla bağlı paylaşımda UFAZ komandasını təbrik edib və layihənin həyata keçməsi üçün dəstək verməyə hazır olduğunu bəyan edib.