https://www.zirve.edu.az/
15.03.2018 12:16
“Qızlarını din adıyla təhsildən uzaqlaşdıranların ağılı yoxdur” - Rafiq Əliyev

Qız övladlarını məktəbə göndərməyən və onların təhsil almağına icazə verməyən ailələrin sayı kifayət qədərdir.

Çoxları bunu İslam dini ilə əlaqələndirir. Hansı ki, qadın təhsili İslamda ən gözəl şəkildə təbliğ edilib və qadın heç bir zaman bu haqqdan məhrum edilməyib. Qız uşaqlarını oxutmamaq, təhsilə yiyələnmələrinə mane olmaq kimi davranışlar İslam dinindən deyil, bu dini yanlış və ya yarımçıq başa düşən insanlardan qaynaqlanır. Halbuki, İslamın müqəddəs kitabı Qurani-Kərimdə təhsildən ümumi şəkildə bəhs edilib və qadın-kişi ayrı-seçkiliyi qoyulmayıb. Peyğəmbərlərin həyat yoldaşları, səhabələr və  sonrakı nəsillərdə yetişən qadın alimlər bunun sübutudur.

Bütün bunlara baxmayaraq, bəzi insanlar  iddia edir ki, xüsusi fənlərin və ixtisasların (anatomiya, gender, tibb və s.)  qızlara öyrədilməsi İslam tərəfindən qəbul olunmur. Məsələn, onların düşüncəsinə görə, İslam dini qadının cərrah, ginekoloq, ümumiyyətlə, həkim olmasına icazə vermir.

Bu fikirlərin nə dərəcədə doğru olub-olmadığını öyrənməyə çalışdıq:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq Əliyev AzEDU.az-a açıqlamasında bildirib ki, İslam dinində qızların təhsil alması üçün heç bir məhdudiyyət qoyulmayıb:

“Qızlar da insandır. Dində onların da elm arxasınca getmə göstərişləri var. Hətta qızların bütün elmlər üzrə təhsil almasında heç bir məhdudiyyət yoxdur. Bu sadəcə, bəzi insanların ağlının məhdudluğundan irəli gəlir. Ağlı məhdud olan insan həmişə əcaib işlər görür. Belə insanlar dini bilmir, kimlərdənsə nəyisə eşidir və xurafat olaraq başa düşür və öz uşaqlarını da xurafat vasitəsilə məhv edirlər. Bəlkə elə uşağın gələcəyi  tibblə bağlıdır? Həmin qız gələcəyin yaxşı cərrahı, terapevti və ginekoloqu ola bilər. Bunun qarşısını almağa heç valideynin də ixtiyarı yoxdur. İnsanın öz yolunu, həyatda kim olacağını müəyyən etmək yalnız onun özündən asılıdır”.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları