Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-15 11:49:56
“Biz məktəblərdə pul yığmırıq” - VMA rəhbəri ittihamlara cavab verdi

“Bizim maliyyə yığımı ilə məşğul olmağımız haqda bütün iddialar əsassızdır. Bu məlumatları yayanların məqsədləri bizə bəllidir. Yaxşı olar ki, jurnalistlər məlumat yayanda bəzi dəqiqləşdirmələr aparsınlar”.

Bunu AzEDU.az-a “Valideyn-Müəllim Assosiasiyası”nın (VMA) rəhbəri Şahin Rəcəbov bu qurum haqqında səsləndirilən tənqidlərə cavab verərkən deyib.

Onun sözlərinə görə, VMA haqqında hansısa mənfi bir faktı araşdırmağa hazırdırlar:

“Bir məktəb adını çəksinlər, biz də araşdıraq görək ki, kim, harada, necə fəaliyyət göstərir. Bundan sonra öz modelimizi göstərək ki, bizim real fəaliyyət modelimiz nədən ibarətdir. Çünki bu mövzu çox geniş mövzudur.

Deyim ki, VMA-nın nüfuzunun kölgəsində gizlənib müəyyən işlərlə məşğul olan adamlar da olur”.

Şahin Rəcəbovun sözlərinə görə, VMA ilə məktəb icmalarının, əslində heç bir fərqi yoxdur:

“Mahiyyət baxımından da VMA icmadır. Adını dəyişməklə biz üslub və fəaliyyəti dəyişə bilmərik. Həmin məktəb icmalarının fəaliyyətində də bizim dəstəyimiz çox olub. Üzvlərimizin bir çoxu da həmin icmalarda iştirak edirlər”.

Qurum rəhbərinin sözlərinə görə, VMA-nın bəzi məktəblərdə fəaliyyətindən sonra məktəblərdən olunan şikayətlərin sayı nisbətən azalıb:

“Əslində, VMA bütün qanunsuz yığımlara qarşıdır, Həmişə də məktəblərdə buna qarşı mübarizə aparırıq. Bu gün VMA aid olduğu məktəbin bütün həyatında iştirak edir. Bayramlarda heç vaxt pul yığmır, bununla qəti, kəskin şəkildə mübarizə aparır. Belə bir icmanın yaradılmasının əsas məqsədi də bu cür qanunsuz pul yığımlarına qarşı çıxmaqdır. Hazırda valideyn könüllü şəkildə üzvlük haqqını təqdim edir, vergi orqanlarına hesababtlılıq sistemini də tətbiq etməklə məktəb həyatının bütün proseslərində iştirak edir. Üzvlük haqqının tətbiqinin də biz əslində tərəfdarı deyilik.

Lakin o vaxt BMT-nin Uşaq Fondunda müzakirə olunarkən orada bu bir məsuliyyət kimi qoyuldu. Çünki valideyn 1 manat üzvlük haqqı verəndə onun məsuliyyətini dərk edir. Pulun hara və necə xərcləndiyini tələb edir. Beləliklə, valideynin özünün nəzarət və tələb etmək imkanı artır. Bizim maliyyə yığımı ilə məşğul olmağımız haqda bütün iddialar əsassızdır. Mən valideynlərlə də görüşəndə, birmənalı olaraq hamısına bildirirəm ki, VMA-nın əsas məqsədi uşaqların təhsilə marağını artırmaq və valideynləri məktəbə cəlb etməkdir. Bütün əziyyət valideyn-şagird-müəllim üçbucağının qurulmasına sərf olunmalıdır”.

Şahin Rəcəbov məsələ ilə bağlı geniş mətbuat konfransı keçirəcəyini bildirib:

“Haqqımızda dərc olunan həmin informasiynanın da haradan verilməsi barədə, artıq məlumatlıyam. Biz müəyyən nazirliklərlə, təbii əlaqədə olmalıyıq. Bizi bu və ya digər şəxslərlə bağlamaq, əlaqələndirmək, sadəcə kimlərinsə marağında olan bir şeydir. Dövlət sənədlərində, təhsilin inkişafı strategiyasında da idarəetmə üsulluranın tətbiqi və şəffaflığın təmin olunması ilə bağlı bənddə VMA-nın adı qeyd olunur. Yəni dövlət bizi daim dəstəkləyib. Biz PR fəaliyyəti ilə, rolik çəkib işimizi reklam etməklə məşğul deyilik. Əvvəllər BMT-nin Uşaq Fondu bizə müəyyən maliyyə dəstəyi göstərirdi, layihələrimiz maliyələşdirilirdi. Son 2-3 il ərzində maliyyəsiz olaraq üzvlük haqqı hesabına özümüzü saxlayırıq və durmadan çalışırıq. Heç bir sözə baxmadan, öz işimizlə məşğuluq”.

“Valideyn-Müəllim Assosiasiyası”na qarşı irəli sürülən ittihamlarla bu linkdən tanış ola bilərsiz:

Nəzrin Cavid