Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-27 10:43:00
Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Dahi şəxsiyyət” adlı tədbir keçirilib

Paytaxtdakı 297 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Dahi şəxsiyyət” adlı tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva, “Unity company” şirkətinin direktoru Fikrət Əliyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, İdarənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, məktəbin direktoru, müəllim və şagirdlər iştirak ediblər.

 

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Cavid Abaszadə qonaqları salamlayaraq Ulu Öndərin xatirəsinin nəsillərin yaddaşında hər zaman yaşadığını bildirib. Məktəb direktoru Heydər Əliyevin təməlini qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının bu gün uğurla davam etdirildiyini, Ümummilli Liderin zəngin irsinin şagirdlər arasında təbliğinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. 

 

BŞTİ müdiri Mehriban Vəliyeva Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunmasını dahi rəhbərə olan ümumxalq sevgisinin təcəssümü, xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətləri ilə çoxəsrlik tariximizin ən parlaq səhifələrini yazan Ulu Öndərə böyük ehtiramın göstəricisi olduğunu vurğulayıb.

 

Ulu Öndərin illərlə yaşatdığı əqidə və amalının sınaqlardan keçərək dəyərə çevrildiyini söyləyən İdarə müdiri Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinə və Azərbaycanın dövlət quruculuğu yolunda inamla irəlilədiyinə diqqət çəkib.

 

M.Vəliyeva hər zaman xalqın ziyalılarına, görkəmli şəxsiyyətlərin adı ilə bağlı olan əlamətdar günlərə xüsusi önəm verən Ulu Öndərə həsr olunmuş 2023-cü il çərçivəsində Azərbaycanın inkişafında, elm, ədəbiyyat, sənət, təhsil və digər sahələrdə müstəsna xidmətləri olan insanların xatırlanmasını, yubileylərinin qeyd olunmasını Heydər Əliyev ənənəsinin davam etdirilməsi, ümummilli liderin idaeyalarının yaşadılması kimi qəbul olunduğunu deyib. İrəvan Müəllimlər Seminariyasının ilk müəllimlərindən olan maarifpərvər ziyalı, bir çox tanınmış şəxsiyyətlərinin yetişməsində xüsusi xidmətlər göstərmiş, ömrünü millətinin tərəqqisi yolunda xərcləyən F.B.Köçərlinin daim xatırlanacağından, onun zəngin irsindən hələ neçə-neçə nəsillərin bəhrələnəcəyindən söz açıb.

 

İctimai fəal şəxslərin məktəbin, müəllimin yanında olmasını yüksək qiymətləndirən M.Vəliyeva millət vəkili Q.Paşayevaya təşəkkürünü bildirib, bu cür görüşlərin davamlı olacağını qeyd edib.

 

Millət vəkili Qənirə Paşayeva çıxışına Heydər Əliyevin "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” fikri ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin həmişə müəllim əməyini yüksək qiymətləndirdiyini deyən millət vəkili dahi lideri sözü ilə əməli vəhdətdə olan insan kimi dəyərləndirib. Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən, ölkənin təhsil sisteminə göstərdiyi diqqət və qayğıdan bəhs edən Q.Paşayeva Ulu Öndərin nəsillərə nümunə olan ideyalarının həyatımız boyu yolumuza işıq salacağına əminliyini bildirib.

 

Ümummilli Lider Heydər Əliyevin qətiyyətli dövlət başçısı, müdrik siyasətçi, məsuliyyətli vətəndaş, Vətənini və millətini sevən bir insan kimi, çətin anlarda hər zaman millətinin yanında olmağı bacaran lider kimi gənc nəsil tərəfindən hərtərəfli öyrənilməlisinin vacibliyinə toxunub.

 

Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, tanınmış maarifpərvər, ictimai xadim, publisist-yazıçı, tənqidçi və tərcüməçi Firidun Bəy Köçərlinin anadan olmasının 160 illiyinin tamam olduğunu xatırladan Q.Paşayeva xalqının gənc və yeniyetmə övladlarının maarifləndirilməsi, təhsil alması və mədəni inkişafında yorulmadan çalışan ziyalılardan olduğunu söyləyib.

 

Tədbirdə çıxış edənlər keçmişimizi dərindən öyrənmək və sələflərimizin yaratdıqları mənəvi dəyərlərə sahib çıxmaq üçün təhsil müəssisələrində təşkil edilən bu cür tədbirlərin əhəmiyyətindən danışıblar. Məktəblərdə Azərbaycanın dəyərlərinə olan ehtiramı müşahidə etməyin xoş təəssüratlar yaratdığını bildirən çıxışçılar Dahi Liderin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində təhsil sahəsində böyük nailiyyətlərin əldə olunmasından bəhs ediblər.

 

Sonra Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

 

Tədbirdə şagirdlər Heydər Əliyevə həsr olunmuş şeirlər, mahnılar səsləndirib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

 

Sonda millət vəkili Q.Paşayeva tərəfindən şagirdlərə müxtəlif kitablar hədiyyə edilib. Həmçinin “Unity company” şirkəti tərəfindən 2 məktəblinin təhsil xərclərinin qarşılanacağı açıqlanıb.