Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-27 09:51:00
AMEA Türkiyə Elmlər Akademiyası ilə əməkdaşlıq müqaviləsi imzalayıb

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qardaş Türkiyə Cümhuriyyətinə səfəri çərçivəsində Türkiyə Elmlər Akademiyasının prezidenti professor doktor Müzəffər Şəkərlə görüşüb.

 

AzEdu.az xəbər verir ki, görüşdə AMEA ilə Türkiyə Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni akademik İsa Həbibbəyli və professor doktor Müzəffər Şəkər imzalayıblar. Müqavilədə qarşılıqlı olaraq elmi əsərlərin nəşri, ortaq konfrans və simpoziumların keçirilməsi, hər iki qurumda nəşr olunan jurnalların mübadilə edilməsi və s. məsələlər öz əksini tapıb.

 

Görüşdə Müzəffər Şəkər AMEA ilə qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyəti olduğunu qeyd edib, iki qardaş ölkənin elmi qurumları arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu söyləyib.

 

Azərbaycanla Türkiyə arasında bütün sahələrdə hərtərəfli əməkdaşlığın geniş vüsət aldığını diqqətə çatdıran akademik İsa Həbibbəyli hər iki ölkə rəhbərlərinin əhəmiyyətli dərəcədə inkişaf etdirdiyi dostluq və əməkdaşlıq əlaqələrinin elm sahəsində də yeni inkişafa geniş yol açdığını bildirib. Akademik bu il Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illik yubileyləri ilə əlaqədar AMEA-nın təşkilatçılığı ilə keçiriləcək beynəlxalq konfranslarda qardaş Türkiyənin görkəmli alimlərinin də iştirakının nəzərdə tutulduğu diqqətə çatdırılıb.