Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-19 12:26:00
“Nobel qardaşlarının Azərbaycandakı mirası” adlı tədbir keçirilib

Paytaxtdakı 56 nömrəli tam orta məktəbdə “Nobel qardaşlarının Azərbaycandakı mirası” adlı tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov, nazirliyin Beynəlxalq əməkdaşlıq sektorunun müdiri İlqar Dadaşov, Bakı Nobel İrsi Fondunun sədri Sevinc Bağırova, Fondun direktoru Fuad Qasımov, İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzson, Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko, SOCAR-ın Baş direktorunun İnsan resursları və inzibati işlər üzrə müavini Anar Süleymanov, SOCAR-ın Korporativ Kommunikasiyalar şöbəsinin rəhbəri Ləman Hacızadə, BŞTİ-nin struktur bölmə rəhbərləri, məktəb direktorları və şagirdlər iştirak edib.

 

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Öncə 9c sinif şagirdlərinin iştirakı ilə ingilis dilində “Açıq dərs” izlənilib. “Açıq dərs”də Nobel qardaşlarının fəaliyyətinə həsr olunan breyn-rinq keçirilib. Breyn-rinqin sonunda “Alfred Nobel” komandası qalib gəlib. Qalib və iştirakçı komandalar diplom və hədiyyələrlə mükafatlandırılıb.

 

Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov məktəbin inkişaf tarixinə nəzər salıb və müasir çağırışlara cavab verən təhsil ocaqlarının tərəqqisinin əsas prioritetlərdən olduğunu bildirib. 

 

Tədbirdə çıxış edən BŞTİ müdiri Mehriban Vəliyeva Bakıda ilk xarici firmanın əsasını İsveçin məşhur mühəndis və ixtiraçı ailəsindən olan Nobel qardaşlarının qoyduğunu bildirib. İdarə müdiri Nobel qardaşlarının uşaqların məktəblərdə təhsil almasını və elmi-tədqiqat işlərinin aparılmasını maliyyələşdirməyə diqqət yetirməsini xüsusi vurğulayıb. Həmçinin Bakı neft sənayesinin inkişafında müstəsna xidmətləri olan Nobel qardaşları ilə əlaqədar “Açıq dərs” formatında keçirilən bu kimi tədbirlərin məktəblilərin daha ətraflı məlumat əldə etməsində, şagirdlərin tarixi biliklərinin yenilənməsində böyük rolu olacağına əminliyini ifadə edib.

 

İcmanın məktəbə dəstəyini yüksək qiymətləndirən M.Vəliyeva 56 nömrəli tam orta məktəbin şagirdlərinin qazandıqları uğurlarla daim Azərbaycanı beynəlxalq olimpiadalarda, idman yarışlarında yüksək səviyyədə təmsil edəcəklərinə, “Nobel” mükafatına layiq görülənlər arasında bu məktəbin yetirmələrinin də olacağına inandığını deyib.

 

Bakı Nobel İrsi Fondunun sədri Sevinc Bağırova və Fondun direktoru Fuad Qasımov Azərbaycanda neft sənayesi ilə yanaşı, həm də təhsilin inkişafında xüsusi rolu olan Nobel qardaşları şirkətinin fəaliyyətindən və 56 nömrəli tam orta məktəbin yaranma tarixindən bəhs ediblər.

 

İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzson və Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko İsveçlə Azərbaycan arasında münasibətlərin tarixinin ötən əsrlərə dayandığını qeyd ediblər. Azərbaycan ilə İsveç arasında müxtəlif sahələrdə yaxşı münasibətlərin olduğunu vurğulayan çıxışçılar təhsil sahəsində də güclü tərəfdaşlıq imkanlarının mövcudluğundan söz açıblar.