Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-15 11:47:00
Tahir Kərimli: “İbtidai sinifdə yaşlı müəllimlər dərs deməlidir”

“Hər şey qanunvericilik bazasından başlamalıdır”.

 

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə deputat Tahir Kərimli deyib.

 

O bildirib ki, bizdə uşaq bağçaları da, körpələr evi də hamısı təhsil müəssisələridir:

 

“Amma oradakılar təhsilverəndirmi? Mənim üçün bu, aydın deyil. Təhsilverən termini yaratmışıq. Bəs təhsilverən kimdir?!”

 

Deputat yaşlı müəllimlər probleminə toxunub:

 

“İbtidai sinifdə yaşlı müəllimlər dərs deməlidir. Təcrübəlilərə yer verilməlidir. Biz yolunu tapıb müəllimlərimizi əzizləməliyik. Onların nüfuzunu qaldırmalıyıq. Digər tərəfdən, bizim kişi müəllimlərimiz gündən-günə azalır, uşaqlarımız qız kimi böyüyür. 10-15 faizinin içində aqressiya yaranır. Düşüblər Sovet təhsilinin üstünə. Mən bununla razı deyiləm. İndi ideologiyasızlaşdırma gedir. Nobel mükafatçıları arasında cəmi 3 müsəlman var. Necə ola bilər ki, müsəlman mədəniyyətinin daşıyıcısı olan bu ölkələr təhsildən geri düşüb. Burada deyirik ki, filan bölgədə nəticə aşağıdır, yuxarıdır. Bu repetitorların hesabına deyilmi? Məktəbdənkənar repetitorların yanına gedənlər rayonların statistikasını müəyyən edir. Test sisteminə keçək, elə uşaq var ki, heç nə bilmir, amma testi əzbərləyir. O vaxt siz bəyənməyən Sovet sistemi ilə mən 400-dən çox şer bilirəm. Amma bu gün uşaqlar şeir, qəzəl bilmir, fənni bilmir axı, testi əzbərləyir. Bu təhsildirmi? Bir millətin gələcəyi təhsildir və mən çox narahatam”.

 

Deputat qeyd edib ki, məktəblərimizin uçuq-sökük olanları da var:

 

“O məktəbdə müəllimlər dərs demək istəmir. Düzdür, Azərbaycanda müəllimlər pis maaş almır”.

 

Komitə sədri Bəxtiyar Əliyev isə qeyd edib ki, təmirə ehtiyacı olan məktəblər təmir olunur:

 

“Əhali artır, məktəblərin sayına təlabat artır. Modul tipli məktəblərin sayı artırılmalıdır”.

 

Apa.az