Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-14 12:38:00
Azərbaycanda 9000-ə yaxın əcnəbi tələbə təhsil alır

Elm və Təhsil Nazirliyində ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq, xüsusən əcnəbilərin təhsili sahəsi üzrə məsul əməkdaşlarının iştirakı ilə görüş keçirilib.

Nazirlikdən AzEdu.az-ya verilən xəbərə görə, hər il ənənəvi olaraq təşkil edilən görüşün məqsədi ali təhsil müəssisələrinin beynəlmiləlləşməsi prosesində mövcud vəziyyət, əcnəbilərin ölkəmizdə təhsilinə dair məsələlərin müzakirəsi olub. Görüşdə 38 ali təhsil müəssisəsinin 60-a yaxın nümayəndəsi, həmçinin Elm və Təhsil Nazirliyinin müvafiq struktur bölmə rəhbərləri və məsul şəxsləri iştirak ediblər.

Görüş zamanı əcnəbi tələbələrin ölkəmizə cəlbinin təşviqi və təhsilinin təşkili məsələlərinə dair 2022-ci ildə həyata keçirilmiş mühüm tədbirlər barədə məlumat verilib, eləcə də 2022-2023-cü tədris ilində təhsil alan əcnəbi tələbələrlə bağlı statistik məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Həmçinin cari tədris ilində ölkəmizdə təhsil alan əcnəbi tələbə sayının bu günədək ən yüksək göstəriciyə çatdığı və 110 ölkədən 9 000-ə yaxın şəxsi əhatə etdiyi qeyd olunub.

Bununla yanaşı, Elm və Təhsil Nazirliyinin sifarişi ilə aparılmış ““Study in Azerbaijan” beynəlxalq ali təhsil imkanları” adlı tədqiqatın nəticələrinə dair təqdimat keçirilib.

Sonda görüş iştirakçıları rəy və təkliflərini səsləndiriblər, onların sualları cavablandırılıb.