Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-29 12:15:00
Şagird və valideynlər üçün yeni texnologiya laboratoriyasında tədbir keçirilib-FOTO

Şagird və valideynlər üçün "Bilim Bakı” mərkəzinin “Deneyap” texnologiya laboratoriyasında “İlk dərs günü” tədbiri keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi"nin direktoru Vüsal Rüstəmov, Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, şagirdlər və valideynlər iştirak ediblər.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı ilə keçirilən tədbirdə şagirdlərə və onların valideynlərinə “Deneyap” proqramı çərçivəsində keçiriləcək təlimlər,  laboratoriya konseptləri, tədbirlər, təhsil modeli və dərs planları, tədris müddəti, dərsliklər barədə ətraflı məlumat verilib.

 

Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb və "Deneyap" texnologiya laboratoriyasına şagird seçimi imtahanlarının təşkil olunmasına dəstək göstərən şəxslərə sertifikatlar təqdim olunub.  

 

Qonaqlar “Deneyap” texnologiya  laboratoriyasına qəbul olunmuş şagirdləri və valideynləri təbrik edib, onlara uğurlar arzulayıblar.

 

Sonda ilk dərs zəngi çalınıb və  xatirə fotosu çəkilib.

 

Qeyd edək ki, “Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanı 2 mərhələdən ibarət olub. I mərhələdə yazılı imtahanda iştirak edən Bakı şəhəri ümumi təhsil məktəblərinin IV-VII sinfini bitirən 1200-ə yaxın şagird arasından ən çox bal toplayan 334 şagird II mərhələdə praktiki imtahanda iştirak edib. Hər iki mərhələdə ümumi olaraq ən yüksək nəticə göstərən 80 şagird 3 il müddətində “Deneyap” texnologiya laboratoriyasında təhsil almaq hüququ qazanıb.