Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-06 14:49:00
“Məktəblərdə baş verənlərlə bağlı ciddi tədbir görülməlidir”-DEPUTAT

 

112 nömrəli məktəbdə şagirdin öz sinif yoldaşına şiddət göstərməsi ilə bağlı yayılan görüntülərdən sonra məktəbdən problemin həll edildiyi, şagirdlər arasında münasibətin qaydasına qoyulduğu qeyd etdi.

 

Amma zərərçəkən şagirdin ailəsi heç bir addımın atılmadığını bildirmiş və direktoru məsuliyyətsiz yanaşmaqda günahlandırmışdı. Dünən isə məktəbin direktor əvəzi vəzifəsindən azad edildi.

 

Bəs bu qərar nə dərəcədə doğrudur? Ümumilikdə bu kimi hadisələrdə nə kimi addımlar atılmalıdır?

 

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov AzEdu.az-a açıqlamasında belə situasiyaları idarə edə bilmək üçün direktorun təcrübəsinin vacibliyini nəzərə çatdırıb:

 

“Hesab edirəm ki, burada bir neçə məqama xüsusi diqqət yetirməliyik. Əvvəllər də qeyd etdiyim kimi məktəıb direktoru seçimində onların təcrübəsi və kollektivlə işləmə bacarığı mütləq nəzərə alınmalıdır. İmtahanda uğur qazanan, amma direktor və direktor müavini kimi heç bir təcrübəsi olmayan,məktəb kollektivində çalışmayan şəxsin birdən-birə bu vəzifəyə təyin edilməsi doğru deyil. Düşünürəm ki, həmin müəllimlər müəyyən qədər təcrübə keçməli, məlumat əldə etməlidirlər ki, belə situasiyalarda vəziyyəti idarə edə bilsinlər”.

 

Ceyhun Məmmədov: Azərbaycanda bütün addımlar düşünülmüş şəkildə atılır və  təsadüfi deyil ki, bir neçə ölkə təcrübəmizdən

 

Deputat məktəblərdə direktor əvəzetməsinin ləğvinin vacib olduğunu vurğulayıb:

 

“Bütün məktəblərdə direktor əvəzetməsi aradan götürülməlidir. Əgər məktəbdə direktor vəzifəsi boşdursa, ən qısa zamanda təyinat həyata keçirilməlidir. Direktor əvəzi uzun müddət həmin vəzifədə qaldıqda öz işini rahat, sərbəst görə bilmir. Bu səbəblə direktor əvəzi funksiyasının ləğvi vacibdir. Direktor seçimində savad, biliklə yanaşı, təcrübə xüsusilə nəzərə alınmalıdır. Qeyd edilən kimi hallar baş verdikdə isə çox vacib addımlar atılmalı, ciddi tədbirlər görülməlidir”.

 

“Bu kimi hadisələr dünyanın hər yerində baş verir, təbiidir kimi yanaşmalar qəti şəkildə düzgün deyil. Yekunda bu dövlətin də adına xələl gətirə bilər. Aidiyyatı qurumlar açıqlama verir ki, problem həllini tapıb, valideyn isə öz etirazını bildirir. Bu təhsilə olan inama da zərbə vurur. Nəticə etibarı ilə bu məsələlərə çox həssas yanaşmaq lazımdır”-deyə, o bildirib.