Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-06 09:39:00
MDU-da Beynəlxalq Müəllimlər Günü münasibətilə görüş keçirilib

 

2022-ci ilin 5 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Beynəlxalq Müəllimlər Günü münasibətilə bu ali təhsil müəssisəsinin bir qrup akademik heyət üzvü ilə görüş keçirib.

 

AzEdu.az xəbər verir ki, görüşdə Ş.Bayramov peşə bayramı münasibətilə MDU-nun bütün professor-müəllim heyəti üzvlərini təbrik edib, onlara elmi və pedaqoji fəaliyyətlərində uğrular arzulayıb.

 

Müəllimlik fəaliyyətinin bütün dövrlərdə şərəfli peşə hesab olunduğunu qeyd edən Ş.Bayramov ümummilli lider Heydər Əliyevin müəllim adına hər zaman yüksək dəyər verdiyini vurğulayıb. Hazırda ölkədə həyata keçirilən təhsil siyasətinin prioritetlərindən danışan rektor dövlətin müəllimlərə göstərdiyi yüksək diqqət və qayğıdan bəhs edib.

 

Həyatını xalqın işıqlı gələcəyinə həsr edərək yüksək fədakarlıq nümayiş etdirən müəllimlərin əməyinin əvəzedilməz olduğunu bildirən Ş.Bayramov universitetdə yeni dövrün tələblərinə uyğun və vətənpərvər ali təhsilli kadrların yetişdirilməsində pedaqoji heyətin mühüm pay sahibi olduğunu qeyd edib.

 

Hazırda MDU-nun müasirləşməsi və akademik potensialın gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər və yaradılan imkanlar barədə ətraflı məlumat verən rektor bu istiqamətdə müəllimlərin üzərinə düşən vəzifələri diqqətə çatdırıb.

 

Görüşdə çıxış edən universitetin akademik heyət üzvləri Beynəlxalq Müəllimlər Günü münasibətilə həmkarlarını təbrik ediblər, eləcə də göstərilən diqqətə və yaradılan şəraitə görə təşəkkürlərini çatdırıblar.

 

Sonra MDU-nun bir qrup əməkdaşı fəxri fərman və təşəkkürnamə ilə təltif  edilib, xatirə şəkilləri çəkdirilib.

 

Qeyd edək ki, hazırda modernləşməkdə olan MDU-da müəllimlərin sosial vəziyyəti və hərtərəfli inkişafı diqqət mərkəzində saxlanılır, bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsinə xüsusi önəm verilir.